"Səbail"in qvatemalalı qapıçısı Nikolas Hagen klubun rəsmi saytına müsahibə verib.
Sportnet.az həmin müsahibəni təqdim edir.
- Beş aya yaxındır buradasınız. Azərbaycan haqqında nələr öyrənmisiniz?
- Azərbaycanı sevirəm və burada özümü azərbaycanlı kimi hiss edirəm. Bura haqqında çox öyrənib, araşdırıram. Komanda yoldaşlarım da bu barədə mənə köməklik edir. Bu arada milli mətbəxinizi də çox sevirəm.
- Ölkənizdə futbol çox sevilir. Bəs sizin ölkədən kənarda oynamağınıza səbəb nə oldu?
- Qvatemalada futbol çox sevilir. Karyeramda uğurlu olduğumu düşünürəm. Daha da inkişaf etmək üçün başqa ölkəyə getmək barədə fikirləşirdim. Kiçik addımlarla öz arzuma çatmaq istəyirəm. Bu da, addımlarımdan biridir.
- Bu il karyeranıza yeni nələr qatdınız?
- Bu il karyeramda ən mühüm addımlardan biri ölkəmdən kənarda, başqa liqada oynamağım oldu. Daha yüksək səviyyədə oynamaq istəyir və buna görə çox çalışıram. 2020-ci ildə uğurlar qazandım. Arzularıma çatmağa kömək edən il oldu.
- Sizi motivasiya edən nədir?
- Hər dəfə özüm-özümü hardan başlamağım və hara çatmağım ilə motivasiya edirəm. Bu, mənə inkişaf etməkdə kömək edir.
- Karyeranızda ən yaddaqalan oyun hansıdır?
- 2019-cu ildə Qvatemala millisinin heyətində evdə Kosta Rikaya 1:0 hesabı ilə qalib gəldiyimiz oyun ən yaddaqalandır. Həmin matçda start heyətində meydana çıxmışdım.
- Qvatemalada ən çox nə üçün darıxmısınız?
- Həm ailəm və dostlarım, həm də vətənim üçün darıxmışam.
- Komanda yoldaşlarınızdan ən çox hansı ilə yaxınsınız?
- Komanda yoldaşlarım ilə yaxşı əlaqələrim var. Hamı mənə çox yaxşı münasibət göstərir. Öz ölkəmizdən kənarda olduğumuz üçün əcnəbi futbolçularla daha çox söhbətləşirik. Komanda da hamı bir-birini sevir və hörmət bəsləyir.
- Koronavirusdan necə müdafiə olunursunuz?
- Çox sadə metodlarla qorunuram. Sosial məsafə saxlayır, əllərimi tez-tez yuyuram və sadəcə, şəxsi su qabımdan istifadə edirəm. Hər kəs sadə üsullara diqqət etsə, özünü virusdan qoruya bilər.