"Oyunu bir neçə hissəyə bölmək olar. Gözlənilməz qoldan sonra futbolçular ruhdan düşmədi, irəli atıldılar, qol vurdular. Bundan sonra fürsətlərdən yararlana bilmədilər".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sabah" komandası ilə 3:3 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, 20-ci dəqiqədən sonra müdafiədə passivlik yarandı: "Nəticədə yenə qol buraxdıq. İkinci hissə başlayandan sonra da qol epizodumuz oldu. Daha sonra Xuan Kamara qırmızı vərəqə aldı və biz say üstünlüyündən yararlandıq. Rəqib qapansa da, 2 qol vurmağı bacardıq. Nəticə pis deyil".
Sadıqovun sözlərinə görə, Sərtan Taşqının əvəzlənməsi taktiki gediş idi: "Aqressiyanı artırmaq istədim. Bir dəfə də bunu etmişdik".
O, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin heyəti açıqlamaq üçün son turu gözləməsinə də toxunub: "Yaxşı ki, bu turu nəzərə aldı. Bu, tənqid deyildi".