"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində V turun oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib. Danimarkalı referi Morten Kroqun idarə etdiyi matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Görüş Ağdam təmsilçisinin hücumları ilə başlayıb. "Köhlən atlar" ilk 15 dəqiqədə rəqibini təzyiq altında saxlayıb. Buna baxmayaraq, futbolçular çərçivəyə düşməkdə çətinlik çəkib. Əksərən sol cinahdan hücumlar quran "Qarabağ" rəqibə onların özlərinə aid hissədə pressinq tətbiq edib. 29-cu dəqiqədə Abdullah Zubirin zərbəsi toru yandan silkələyib. 34-cü dəqiqədə Filip Ozobiçin cəhdindən sonra qapıçı Fransis Uzoho topu tutub.
Qonaqların qapıya doğru ilk zərbəsi 36-cı dəqiqəyə təsadüf edib. Nikolas Panayotu topu qapının üstündən vurub. İki dəqiqə sonra Ozobiçin fərqlənməsinə növbəti dəfə Uzoho imkan verməyib. 40-cı dəqiqədə isə İbrahima Vadji çərçivəyə düşə bilməyib. Əvəzində 43-cü dəqiqədə "Omoniya" hesabı açıb. Toral Bayramov əllə oynadığı üçün baş hakim penalti təyin edib. Mixal Düriş Şahruddin Məhəmmədəliyevlə dueldən qalib ayrılıb.
İkinci yarı da Azərbaycan klubunun hücumları ilə start götürüb. 48-ci dəqiqədə Ozobiçin fərqlənməsinə növbəti dəfə qolkiper mane olub. Bir dəqiqə sonra komanda istəyinə çatıb və Paris Psaltisin avtoqolundan sonra qarşılaşmada tarazlıq bərpa olunub. 58-ci dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, top qapının yanından keçib. 65-ci dəqiqədə Filip Ozobiç topu qapıdan keçirsə də, oyundankənar vəziyyət qeydə alınıb.
Ardınca "Omoniya" azlıqda qalıb. Kiko ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 74-cü dəqiqədə Kevin Medina başla fərqlənməyə yaxın olsa da, topu qapının yanından vurub. 83-cü dəqiqədə Ozobiç çətin vəziyyətdə olmasına rəğmən qapıya zərbə endirib, lakin top qapının üstündən keçib.
Ardıcıl hücumlar 88-ci dəqiqədə bəhrəsini verib. Patrik Andradenin zərbəsindən sonra "Omoniya"nın müdafiəçilərindən birinin ayağına dəyən top tora daxil olub. Lakin 90-cı dəqiqədə Jordi Qomes Şahruddin Məhəmmədəliyevin irəli çıxdığını görərək təqribən 55 metr məsafədən komandasının bərabərlik qolunu vurub.
Bu nəticədən sonra xallarınınn sayını 11-ə çatdıran Ağdam təmsilçisi eyni xala malik İsveçrə "Bazel"indən sonra 2-ci pillədə qərarlaşıb. Hər iki komandada top fərqi 5-ə bərabər olsa da, "Qarabağ" 1 top az vurduğu üçün mövqeyini itirib. "Omoniya" isə 3 xalla 3-cü sıradadır. H qrupunda son pillədə 1 xalla "Kayrat" qərarlaşıb.
Beləliklə, qrup qalibinin adına dekabrın 9-da İsveçrədə "Bazel" və "Qarabağ" arasındakı görüşdə aydınlıq gələcək. Azərbaycan komandası yalnız qələbə sayəsində 1-ci yeri tutacaq.
-------------------------------------------------------
"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı 5-ci sınağında Kipr "Omoniya"sını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi danimarkalı FIFA referisi Morten Krox olacaq.
Bu görüş pley-offa vəsiqəni təmin etmiş Ağdam klubu üçün qrup liderliyi baxımından önəmlidir. "Köhlən atlar" Nikosiya təmsilçisinə qalib gələcəyi halda, Qazaxıstanda "Kayrat" və İsveçrənin "Bazel" komandaları arasındakı matçın nəticəsindən asılı olaraq, qrupda birinci yeri rəsmiləşdirə bilər. Bunun üçün Almatı təmsilçisi evdə qonaqlara uduzmamalıdır.
"Qarabağ"da Xayme Romero zədə səbəbindən oyunu buraxacaq, zədəsini sağaldan Bədavi Hüseynovun meydana çıxması sual altındadır. Fabiano, Yannis Kusulos və Ernest Asante oynaya bilməyəcək.
UEFA Konfrans Liqası
Qrup mərhələsi, V tur
21:45. "Qarabağ" (AZƏRBAYCAN) - "Omoniya" (Kipr) - 2:2
Qollar: Paris Psaltis, 49 (avtoqol). Patrik Andrade, 88 - Mixal Düriş, 43 (pen.). Jordi Qomes, 90
Hakimlər: Morten Krox, Nils Höq, Şteffen Bramsen, Yorgen Burxardt (hamısı Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu
Xal durumu: "Bazel" - 11, "Qarabağ" - 11, "Omoniya" - 3, "Kayrat" - 1.