![](/uploads/posts/2022-05/medium/1651763970_lek.jpg)
"Çelsi" futbol klubu İngiltərə Premyer Liqası və avrokuboklarda iştirak hüququnu itirə bilər.
Sportnet.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, buna səbəb klubun sahibi Roman Abramoviçin 1,6 milyard funt sterlinq məbləğində borcunun geri qaytarılmasını tələb etməsidir.
Rusiyalı iş adamının bu istəyi klubun satışını ləngidir. Potensial müştərilər vəsaitin Ukraynanın bərpasına kömək etmək üçün istifadə olunmasını istəyirlər. Klubdan isə bildirilib ki, pul rusiyalı iş adamına qaytarılmadan satış həyata keçirilə bilməz. London təmsilçisi hakimiyyət orqanlarına müraciət etməyi planlaşdırır.
"Çelsi"yə cari mövsümün sonunadək futbolla bağlı fəaliyyətini davam etdirmək üçün lisenziya verilib. Bununla belə, Premyer Liqa klublarının nümayəndələrinin iyunun 8-də keçiriləcək ümumi yığıncağınadək tam lisenziya alınmasa, "zadəganlar" İngiltərənin yüksək divizionundan və Avropa yarışlarından kənarda qalma riski ilə üzləşəcəklər.
Qeyd edək ki, Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Roman Abramoviçin, o cümlədən klubunun aktivlərini bloklayıb. Bu səbəbdən funksioner fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb.