
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilərin dünya çempionatı başa çatıb. Sportnet.az-ın məlumatına görə, çempionatın son günlərində sərbəst güləşçilər yarışıb.
Böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında Azərbaycanı Şahin Muxtarov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), İslam Bazarqanov (50 kq), Fərrux Əliyev (54 kq), Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Əhliman Quliyev (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmayev (100 kq) təmsil edib. İlk yarış günündə güləşçilərimiz 1 gümüş (İsmayıl Abdullayev - 69 kq) və 2 bürünc (Şahin Muxtarov - 42 kq və Fazil Həsənov - 58 kq) medal qazanıb.
Çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.
63 kq çəkidə mübarizə aparan Orxan Abbasov Qırğızıstan, Meksika və Gürcüstandan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya təmsilçisinə uduzub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz yaponiyalı rəqibinə qalib gəlib və çempionatı fəxri kürsünün üçüncü pilləsində başa vurub.
76 kq çəki dərəcəsindəki təmsilçimiz Əhliman Quliyev Misir və Macarıstandan olan rəqiblərinə qalib gəlib, ancaq 1/4 finalda Rusiya təmsilçisi ilə görüşü uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz CAR idmançısını asanlıqla məğlub edib. Həlledici görüşdə Əhliman İran təmsilçisinə də tam üstünlüklə qalib gəlib və bürünc medala sahib olub.
Son iki gündə mübarizə aparan sərbəst güləşçilərimiz ümumilikdə 1 gümüş və 4 bürünc medal qazanmaqla, komanda hesabında çempionatı dördüncü sırada tamamlayıb.
46 kq
1/8 final - Monu Monu (İND) - Əsgər Məmmədəliyev 4:2 (güləşçimiz zədələnib)
54 kq
1/16 final - Fərrux Əliyev - Abbas Raxmonov (UZB) 4:9
63 kq
1/16 final - Orxan Abbasov - Süleyman Maçinov (KGZ) 13:5
1/8 final - Kristian Santiago (MEX) - Orxan Abbasov 0:10
1/4 final - Tornike Kvinikadze (GEO) - Orxan Abbasov 2:4
1/2 final - Xayrula Nuradinov (RUS) - Orxan Abbasov 6:5
Bürünc medal görüşü - Rui Sakasai (JPN) - Orxan Abbasov 2:6
76 kq
1/16 final - Mahmud Ahmed (EGY) - Əhliman Quliyev 4:5
1/8 final - Botond Lukacs (HUN) - Əhliman Quliyev 1:12
1/4 final - Aslanbek Qvaramiya (RUS) - Əhliman Quliyev 4:2
Təsəlliverici görüş - Marais Fredilan (RSA) - Əhliman Quliyev 2:12
Bürünc medal görüşü - Əhliman Quliyev - Hamed Manafian (İRİ) 10:0
100 kq
1/16 final - Yuriy İdzinskiy (UKR) - Alimaqomed Alixmayev 0:10
1/8 final - Alimaqomed Alixmayev - Gable Steveson (USA) 5:5*
Təsəlliverici görüş - Georgios Georgiadis (GRE) - Alimaqomed Alixmayev 0:10
Təsəlliverici görüş - Alimaqomed Alixmayev - Zuriko Urtaşvili (GEO) 3:6
Qeyd edək ki, dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışı 3 bürünc (Fail İsgəndərov - 42 kq, Xancavad Məcidzadə - 50 kq, Ülvi Qənizadə - 69 kq) medalla başa vurub. Çempionatda 5 güləşçi ilə təmsil olunan qızlarımız isə 1 qızıl (Leyla Qurbanova - 52 kq) və 2 bürünc (Zelfira Ələkbərli - 38 kq) və Şəbnəm Əhmədova - 56 kq) medal qazanıb.