
Bu gün Türkiyə I Liqasında XVI turun növbəti oyunları keçirilir. Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə azərbaycanlı futbolçuların komandaları da meydana çıxıb.
Vaqif Cavadov və Ufuk Budakın yer aldığı "Qaziantep BB" klubu "Giresunspor"u qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Budak start heyətində meydana çıxıb və sonadək çıxış edib. Cavadov isə 59-cu dəqiqədə oyuna girib. Bundan cəmi 1 dəqiqə sonra "Qaziantep BB" bərabərlik qolunu vuraraq, meydanı 1 xalla tərk edib.
Mahir Şükürovun komandası - "Karşıyaka" isə lider "Kayserispor"u qəbul edir. 22 xalla 6-cı pillədə olan izmirlilər yalnız qələbə təqdirində, ilk "3-lüy"ə iddialarını davam etdirə bilərlər. Kayserililər isə qalib gələcəkləri halda, ən yaxın izləyicisi ilə xal fərqini 4-ə çatdıracaqlar. Şükürov start heyətində meydana çıxıb və qeyri-ənənəvi mövqedə - dayaq yarımmüdafiəçisi kimi yer alıb. Oyun "Karşıyaka"nın qələbəsi ilə yekunlaşıb - 2:1.
Qeyd edək ki, Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor" Rail Məlikovla yollarını ayıran "Dənizlispor"u, Cavid İmamverdiyevin klubu "Elazığspor" isə "Adanaspor"u qəbul edəcək. Hər iki qarşılaşma yanvarın 5-də Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
15:30. "Qaziantep BB" - "Giresunspor" - 1:1
18:00. "Karşıyaka" - "Kayserispor" - 2:1