Bu gün İspaniyanın Linares şəhərində qadınlar arasında komandalararası dünya çempionatı start götürəcək.
Sportnet.az-ın məlumatına görə, yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Bu komanda Beynəlxalq Şahmat Federasiyasının qərarı ilə mundiala qatılıb. Əlcəzair komandası yarışda iştirak edə bilmədiyinə görə yüksək reytinqə malik Azərbaycan seçməsi mötəbər yarışa dəvət olunub.
Azərbaycan A qrupunda FIDE, ABŞ, Qazaxıstan, İspaniya və Peru yığmaları ilə yarışacaq. B qrupunda Çin, Gürcüstan, Ukrayna,Fransa, Özbəkistan və Hindistan çıxış edəcək.
Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva mübarizə aparacaq. Komandanın kapitanı İlahə Qədimova olacaq.
İlk tur bu gün Bakı vaxtı ilə saat 16:30-da, II tur isə saat 18:30-da başlanacaq.













































































