"Qarabağ"ın futbolçusu Elvin Məmmədov "İnter"lə Azərbaycan Premyer Liqasının VII tur matçında təyin olunmuş penaltini baş məşqçi Qurban Qurbanovun göstərişi ilə qəsdən kənara vuraraq, dünyaya növbəti "Fair Play" nümunəsi göstərib. Sportnet.az digər analoji halları "championat.com"a istinadən təqdim edir...
Paolo Di Kanio
Bir çox azarkeşin gözündə Paolo Di Kanio qalmaqallı futbolçu kimi qalıb. Amma az sayda insan italiyalının futbol meydanındakı hərəkətini də xatırlayır. 2000-ci ildə İngiltərə "Vest Hem"ində çıxış etdiyi vaxt Di Kanio qapıçı Pol Cerrardın zədələnməsindən sonra boşalan qapıya qol vurmayıb. Onun komanda yoldaşı cərimə meydançasına asma edib və Paolonun bu vaxt işi yalnız boş qapıya zərbə endirməkdən ibarət olub. Lakin o, topu əlinə alaraq, baş hakimə yerə uzanan qapıçını göstərib. Özü də bu olay 90-cı dəqiqədə hesab 1:1 ikən baş verib. Di Kanio üçün ədalət 2 xaldan daha dəyərli olub. Həmin kadrlar bütün dünyaya yayılıb. FİFA isə italiyalını qəhrəman sayaraq, ona "Fair Play" mükafatı verib.
Miroslav Kloze
Kloze həmişə önəmli futbol centlmenlərindən biri kişi tanınıb. Bundesliqanın matçlarından birində o, baş hakimdən özünün qazandığı penaltinin ləğvini xahiş edib. Lakin Miroslav ən vicdanlı hərəkəti 2012-ci ilin sentyabrında "Latsio"nun heyətində "Napoli" ilə oyun zamanı edib. Künc zərbəsindən sonra top onun əlinə dəyərək, qapıya daxil olub. "Latsio"nun oyunçuları qol sevincini yaşadıqları vaxt Kloze referiyə yaxınlaşaraq, qolun ləğvini xahiş edib. Romalılar 0:3 hesabı ilə uduzublar, amma Miro vicdanlı hərəkətinə görə çətin ki təəssüflənsin...
Aaron Hant
Ötən yaz "Verder"in kapitanı xeyirxah hərəkəti ilə yadda qalıb. Hant "Nürnberq"lə matçda penalti vurmaqdan imtina edib. O, cərimə meydançasına daxil olaraq, rəqiblə təmasdan sonra yerə yıxılıb. Baş hakim Manuel Qrefe tərəddüd etmədən "ağ nöqtə"ni göstərib. Lakin "Verder"in lideri referini haqsız olduğuna inandırıb və Qrefe qərarını ləğv edib. Bu hərəkətin mükafatı sonda "Bremen musiqiçiləri"nin yekun qələbəsi olub. Maraqlıdır, iş penaltilərə uzansaydı, "Verder"in oyunçuları da Elvin Məmmədov kimi hərəkət edərdilərmi?
"Brann"
2012-ci ildə Norveç çempionatında təəccüblü hal baş verib. "Brann"ın kapitanı Erik Mölde ədalətli oyun ruhunda topu "Lilleström" futbolçularına vermək istərkən, gözlənilmədən rəqib qapıçının başı üzərindən qapıya vurub. Referi qolu sayıb. Lakin Mölde komanda yoldaşları ilə razılaşıb ki, onlar "Lilleström"ə cavab qolunu vurmaqda mane olmasınlar. "Brann"ın qapıçısı Pyotr Letsiyevski bu razılaşmaya qarşı çıxıb. Polşalı qolkiper Siqudarsona cavab qolunu vurmaqda aktiv şəkildə mane olmağa çalışıb. Amma bu cəhd alınmayıb.
"Donkaster"
Daha bir qol mübadiləsi halı bu ilin avqustunda baş verib. İngiltərənin I Liqasında "Beri" ilə görüş zamanı "Donkaster"in xavbeki Harri Forrester ədalətli oyun naminə topu rəqibə vermək istərkən qol müəllifi olub. Bu, 90+3-cü dəqiqədə baş verib. "Vikinqlər"in baş məşqçisi Pol Dikov futbolçularına göstəriş verib ki, rəqibin əks-hücumunda qol vurmasına şərait yaratsınlar. Futbolçular da onu eşidiblər.
Cüzeppe Pillon
2009-cu ildə "Askoli"nin baş məşqçisi Cüzeppe Pillon ədalətli davranışı ilə fərqlənib. "Recina" ilə matçda rəqib müdafiəçi Karlos Adrian Valdes zədə alaraq, yerə sərildiyi vaxt Pillonun komandası qol vurub. Belə çirkin qol "Recina" futbolçularının etirazına səbəb olub. Əsas qiyamçı Andrea Kostanın qovulmasından sonra kalabriyalılar matçı davam etdirmək istəməyiblər. Bu zaman işə qarışan Pillon komandasına qol buraxmalarını tapşırıb. "Askoli" oyundan 1:3 hesablı məğlubiyyətlə ayrılıb, azarkeşlər isə baş məşqçini bu hərəkətinə görə söyüblər.
İqor Semşov
Rusiya futbolunda da ədalətli oyun qaydalarına əməl olunub. 2002-ci ildə "Torpedo"nun yarımmüdafiəçisi İqor Semşov diqqət mərkəzində olub. "Spartak"la qarşılaşmada rəqib futbolçu, sonralar "Neftçi"də də çıxış etmiş İqor Mitreski sifətindən zərbə alaraq, nokdauna düşüb. Topa sahib olan Semşov isə əlverişli vəziyyətdən "Torpedo"nu irəli çıxarmaq imkanı qazanıb. Lakin o, topu qapıya yox, auta çıxarıb. Maraqlıdır ki, Semşovun bu hərəkətini birmənalı qəbul etməyib.
Sergey Oborin
2006-cı ildə "Amkar"ın baş məşqçisi Sergey Oborin qəhrəmana çevrilib. "Tom"la matçda Vitali Qrişin əllə qol vurub. Baş məşqçi Tomsk komandasının xahişi ilə öz futbolçusunu yanına çağırıb. Qrişin topu əllə vurduğunu boynuna alıb. Bu zaman Oborin baş hakimdən qolu saymamasını xahiş edib.
İqor Netto
1962-ci il dünya çempionatı vaxtı SSRİ Uruqvayla qarşılaşırmış. Hücumlardan birində top cənubi amerikalıların qapısından keçib. Referi qolu saymaq istəyib. Lakin SSRİ millisinin kapitanı İqor Netto torda yırtığı görərək, topun oradan içəri daxil olduğunu bildirib. Qol sayılmayıb, amma bu, SSRİ-nin qələbəsinə mane olmayıb.