
Azərbaycanın bütün qadın atletləri dünya seriyalı yarışlardan əvvəl gender testi verəcəklər.
Bu barədə Sportnet.az-a Azərbaycan Atletika Federasiyasının (AAF) baş katibi Məhərrəm Sultanzadə məlumat verib.
Onun sözlərinə görə, belə bir qərarı Dünya Atletikası (World Athletics) qəbul edib. Qərara əsasən dünya və Avropa çempionatları, Brilliant Liqası və Kontinental tur kimi nüfuzlu yarışlar öncəsi qadın atletlər SRY gen skrinini verməlidirlər: "SRY gen skrini molekulyar-genetik araşdırmadır. Məqsəd kişi cinsi əlamətlərinin inkişafında aparıcı amil sayılan Y xromosomunda SRY geninin analizidir. Testlər orqanizmində kişi Y xromosomumunun olub-olmamasını üzə çıxarmaq üçün aparılır. Azərbaycanda da hələ COVID-19 testlərinin aparıldığı vaxtdan belə imkanlar var və analizlər ölkəmizdə aparılacaq. Skrininq tüpürcək qırıntısı və ya qan analizi vasitəsilə yerinə yetiriləcək. Qadınlarda kişi hormonları üzə çıxsa, onlar yarışlara buraxılmayacaqlar. İndiyədək kişi hormonlu qadınların kişilərin yarışlarına qatılmaları hallarına rast gəlinib. Testlər məhz belə halların qarşısını almaq üçün aparılır. World Athletics-in tövsiyəsinə əsasən, sentyabrın 1-dək gender testi aparılmalı və ali atletika qurumuna göndərilməli, nəticələri bilinməyənədək dünya çempionatı üçün bilet alınmamalıdır".
Sultanzadə 13 - 21 sentyabrda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək atletika üzə dünya çempionatında Azərbaycanın qadın atleti iştirak etməyəcəyini bildirib. Bu səbəbdən, AAF rəsmisi yarış öncəsi testin qadın atletlərin qatılacaqları digər nüfuzlu turnirlər öncəsi aparılacağını diqqətə çatdırıb: "Dünya çempionatında Azərbaycanı yalnız kişi atlet Əlhəm Nağıyev təmsil edəcək. O, sprinter məsafəsinə qaçışlara qatılacaq. Çəkicatan Anna Skidan bu yaxınlarda ana olduğu üçün çempionata yollana bilməyəcək. Üç təkanla uzununa tullanan Nazim Babayev isə noyabrda təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Açıq danışsaq, iki mühüm yarışda - həm dünya çempionatı, həm də İslam Həmrəyliyi Oyunlarında pik formanı saxlamaq çətindir. Buna görə də Babayevin Oyunlarda iştirakına qərar verilib".
Baş katib Skidandan əlavə, Yekaterina Sarıyeva və Lamiyə Vəliyeva kimi beynəlxalq yarışlarda nəticə verən atletlərin gələn il keçiriləcək yarışlardan öncə testdən keçiriləcəklərini açıqlayıb: "Vəliyeva yeganə atletdir ki, T13 kateqoriyasına daxil olduğu üçün həm atletika, həm də para-atletika yarışlarında iştirak edir. Bununla əlaqədar, Lamiyəni də testdən keçirəcəyik".