Azərbaycan ağırlıqqaldıranı İntiqam Zairovun adı hazırda Beynəlxalq Olimpiya Komitəsinin (IOC) haqqında qərar verilməyən və ya qərardan CAS-a şikayət verilən idmançılar sırasındadır. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"un sorğusuna cavab olaraq, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) hüquqşünası Yeva Nyirfa 2012-ci il London Yay Olimpiya Oyunları ilə bağlı hazırda qurumun rəsmi saytında dərc olunmuş 94 kq çəki dərəcəsi üzrə texniki nəticələr cədvəlində İ.Zairovun 2-ci pillədə göstərilməsinə münasibət bildirərkən deyib.
Y.Nyirfanın sözlərinə görə, qaydalara əsasən, ilk olaraq IOC-un barəsində qərar verilməyən atlet haqda rəsmi münasibəti tələb olunur: "IOC-un yekun, rəsmi qərarı olmadan biz qərar verə bilmərik".
IWF rəsmisinin fikrincə, saytda yer alan cədvəldəki vəziyyət şərti xarakter daşıyır: "IOC son qərarı qəbul edəndən sonra biz də müvafiq qərarlarla yekun cədvəli müəyyənləşdirəcəyik".
Qeyd edək ki, "London-2012"də 94 kq çəki dərəcəsində İntiqam Zairov 6-cı yeri tutub. Lakin ilk 4 yeri tutan idmançılar dopinq-testdən keçə bilmədikləri üçün diskvalifikasiya olunublar. Nəticədə azərbaycanlı ağırlıqqaldıran 2-ci pilləyə yüksəlib. Bununla belə, IOC iyulun sonlarında İ.Zairovun dopinq-testinin təkrar müayinəsi nəticəsində ondan istifadəsi qadağan olunmuş dərman preparatının tapıldığını bəyan edib. Hələlik onunla bağlı araşdırmaların nəticəsi açıqlanmayıb.