
"Hazırda Avropa Oyunları üçün nəzərdə tutulan bütün idman qurğularında işlər cədvəl üzrə gedir". Sportnet.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, Yeni İl öncəsi prezient İlham Əliyev Olimpiya stadionuna baxış keçirərkən, arena 93 faiz hazır idi. Hazırda həmin stadionda skayboks, oturacaqlar tam qurulub. Eyni zamanda, müvəqqəti qurğular tikilməkdədir. Su-hövuz kompleksində tamamlanma işləri gedir. Nazir oyunlara hazırlığın tamamlanması üçün heç bir çətinliyin olmadığını söyləyib: "Fevral-martda bütün qurğular hazır olmalıdır ki, test yarışları keçirək". Onun sözlərinə görə, yalnız Olimpiya sadionunda test yarışları olmayacaq: "Yalnız açılış və bağlanış üçün məşqlər keçiriləcək. Hələlik orada xüsusi çadırlarda məşqlər aparılır. Stadion hazır olduqdan sonra məşqlər əsas arenaya keçiriləcək".
A.Rəhimov "Bakı-2015"in yeni rəsmi tərəfdaşı "Coca Cola" ilə bağlı fikirlərini də bildirib. O, bu şirkətin dəstəyinin Oyunlar barədə məlumatlılığın artırılmasına kömək edəcəyini söyləyib: "Bu gün bizim üçün çox vacibdir. Bu il çox ağır və məsuliyyətli olacaq. "Bakı-2015" çox qürurlu il olacaq. Proqrama elçilər və "Alov mühafizəçiləri" kimi tanınacaq könüllülər cəlb edəcəyik. Artıq könüllülük proqramına qoşulmaq üçün 16 mindən çox ərizə daxil olub".