Türkiyə I Liqasında XVII turun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, son oyun günündə "Karşıyaka" və "Elazığspor" səfər matçlarına çıxıblar.
İzmir təmsilçisi "Rəvan"ın sabiq baş məşqçisi Güvenç Kurtarın rəhbərliyi altında ilk matçını keçirən "Adanaspor"a uduzub - 1:3. Mahir Şükürov "Karşıyaka"nın heyətində sonadək meydanda olub. "Adanaspor"da isə yeni transfer Cəmşid Məhərrəmova istirahət verilib.
"Elazığspor" isə "Antalyaspor"un qonağı olub. Meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. Cavid İmamverdiyev Elazığ komandasının start heyətində meydana çıxsa da, 58-ci dəqiqədə əvəzlənib.
Branimir Subaşiçin 61 dəqiqə meydanda olduğu qarşılaşmada "Manisaspor" səfərdə Ayaz Mehdiyevlə yollarını ayıran "Giresunspor"a uduzub. "Bucaspor" yeni transferi Vaqif Cavadovun xidmətindən yararlanmadan evdə "Osmanlıspor"la 1:1 hesablı heç-heçəyə nail olub. Rail Məlikovun ehtiyatda qaldığı qarşılaşmada isə "Dənizlispor" "Samsunspor"a yenilib - 1:2.
Bu nəticələrdən sonra "Karşıyaka" 25 xalla 6-cı, "Giresunspor" 24 xalla 8-ci, "Elazığspor" 23 xalla 10-cu pillədə yer alır. 20 xala malik komandalardan "Boluspor" 11-ci, "Adanaspor" 13-cü, 17 xalı olan "Dənizlispor" 15-ci, "Manisaspor" 16-cıdır.