
Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatının altıncı yarış günündə Azərbaycan yunan-Roma güləşçisi Ayxan Cavadov (60 kq) qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla qarşılaşıb.
Fasiləyə 3:5 hesabıyla geridə yollanan azərbaycanlı pəhləvan ikinci hissədə əzmkarlıq nümayiş etdirərək inamlı qələbə qazanıb – 12:5.
Beləliklə, bu yarışda Cavadov Azərbaycanın ilk dünya çempionu olub. Ötən il U-17 yaş qrupunda dünya və Avropa çempionu olan yunan-Roma güləşçisi bu il eyni uğura U-20 yaş qrupunda imza atıb.
Elmin Əliyev (82 kq) təsəlliverici görüşdə özbəkistanlı Azimcan Soatullayevə (0:8), Zəhra Kərimzadə (72 kq) isə rusiyalı U23 Avropa çempionu Kristina Bratçikovaya (tuş) məğlub olub.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanın aktivindəki medalların sayı 6-ya çatıb. Daha öncə Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) bürünc medal qazanıb.