Azərbaycanın veteran cüdoçusu, 73 kq çəki dərəcəsində Avropa çempionu, dünya və olimpiya mükafatçısı Rüstəm Orucovun Sportnet.az-a müsahibəsi
– Əvvəlcə Bakıya gəlməyiniz münasibətilə sizi salamlayıram. Hazırda Bakıda keçirilən yarışda hansı statusda iştirak edirsiniz?
– Hazırda bu yarışda Avropa Cüdo Birliyinin komissarı kimi iştirak edirəm.
– Son illər həm Avropa, həm də Azərbaycan cüdosunda hansı dəyişiklikləri müşahidə edirsiniz?
– Əlbəttə ki, bütün dünyada cüdo çox yüksək səviyyədə inkişaf edir. Hətta kiçik ölkələrdə də böyük uğurlar qazanılır. Məsələn, Kosovonun iki-üç Olimpiya çempionu var.
– Vaxtilə çıxış etdiyiniz 73 kiloqram çəki dərəcəsində hazırda Hidayət Heydərov ən yüksək nəticələri göstərir. Lakin onun mütəmadi olaraq çəki problemi yaşadığı bildirilir. Sizcə, Hidayət Heydərov hansı çəkidə çıxış etməlidir? O, 81 kiloqramda da uğur qazana bilərmi?
– Mənim fikrimcə, o, universal idmançıdır. 81 kiloqram çəki dərəcəsində də öz güləş üslubu ilə rahat şəkildə adaptasiya ola bilər. Düzdür, bu çəki dərəcəsində mübarizə aparmaq çətindir. Amma mən onda bu potensialı görürəm.
Bununla belə, hesab edirəm ki, Bakıda keçiriləcək dünya çempionatında o, öz çəkisində iştirak etməlidir. İnanıram ki, çəkisini salacaq və həmin yarışda özünü göstərəcək.
– Bəs özünüz idmançı olduğunuz dövrdə belə problemlə üzləşmisinizmi?
– Xeyr, mən güləşdiyim vaxt belə problem yaşamamışam. Amma Hidayətin artıq çəkisinin olması hər kəsə məlumdur. Bu, genetika ilə bağlıdır. Bu, o demək deyil ki, o, çox yeyir və ya məsuliyyətsiz davranır. Sadəcə, çəki salmaq onun üçün çətin olur. Lakin çəkisini saldıqdan sonra həmin gün bərpa olunur, yaxşı güləşir və uğurlu nəticə göstərir.
– Müasir cüdo qaydaları sizin dövrünüzlə müqayisədə nə dərəcədə dəyişib?
– Cüdo indi yenidən yuko qaydasına qayıdıb. Bizim dövrümüzdə – 2012, 2013 və 2014-cü illərdə yuko var idi. Sonra, 2017-2018-ci illərdə onu ləğv etdilər, indi isə yenidən qaytarıblar. Məncə, bu, yaxşı qərardır. Əvvəllər bəzi mübahisəli epizodlarda vazari verilib-verilməməsi müzakirə olunurdu. Halbuki vazari ipponun yarısı, yəni qələbənin yarısı deməkdir. İndi isə belə vəziyyətlərdə yuko verilir və bu baxımdan daha rahatdır.
– Vaxtilə bəzi görüşlərinizdə kiçik fəndlər hesabına qələbə qazanırdınız. Hazırda belə hallar müşahidə olunurmu?
– Bəli. Bu, təcrübə məsələsidir. Təkcə ippon atmaq kifayət etmir. Gərək taktikan və texnikan da olsun. Buna görə də yuko qaydasının geri qaytarılmasını müsbət qiymətləndirirəm. Məncə, cüdo inkişaf edir.
– Hidayət Heydərov Parisdə Olimpiya çempionu olduğu zaman siz 2016-cı il Olimpiadasında uduzduğunuz final görüşünü xatırladınızmı? Həmin finalda qızıl medalı qazana bilməməyinizin əsas səbəbi nə idi?
– O, çempion olmadan əvvəl da bunu xatırlayıram (gülür). Əsas səbəb o idi ki, rəqib həmin gün məndən güclü idi. Mən qalib gəlmədiyim halda deyə bilmərəm ki, əslində mən güclü idim. Xeyr, həmin gün o məndən güclü idi, çempion oldu, mən isə ikinci yeri tutdum.
– Azərbaycan cüdosu Olimpiya Oyunlarında əsasən 73 və 100 kiloqram çəki dərəcələrində uğur qazanır. Sizcə, bunun xüsusi səbəbi varmı?
– Məncə, xüsusi səbəbi yoxdur. İnanıram ki, növbəti Olimpiadada 81, 60, 66 və 90 kiloqram çəki dərəcələrində də medal qazana bilərik. Bütün çəkilərdə bunun üçün potensialımız var. Bəziləri bunu uğurlu çəki və ya qismətlə əlaqələndirə bilər. Amma hesab edirəm ki, əsas məsələ idmançıların potensialıdır.
– Belə bir fikir var ki, yaponlar bütün çəkilərdə rəqiblərinə üstünlük vermirlər. Bu barədə nə düşünürsünüz?
– Yaponlar həmişə 60 və 73 kiloqram çəki dərəcələrində çox güclü olublar. Hazırda 66 kiloqramda da çox güclüdürlər. Ümumiyyətlə, onlar daha çox yüngül çəkilərdə üstünlük təşkil edirlər. Böyük çəkilərdə isə o qədər də güclü deyillər.
– Qarşıdan Bakıda keçiriləcək dünya çempionatı gəlir. Yarışdan gözləntiləriniz nələrdir?
– Əminəm ki, təşkilatçılıq çox yüksək səviyyədə olacaq. Azərbaycan Cüdo Federasiyasının belə bir yarışı möhtəşəm şəkildə təşkil edəcəyinə inanıram. Açılış mərasiminin də möhtəşəm olacağını düşünürəm.
Nəticələrə gəlincə, komandamız çox güclüdür. Demək olar ki, hər çəki dərəcəsində qızıl medal qazanmaq potensialına malik idmançılarımız var.










































































