
Hollandiya yığmasının baş məşqçisi Lui van Qal Argentina millisinin qapıçısını penalti dəf etməyə şəxsən öyrətdiyini bildirib. Sportnet.az-ın məlumatına görə, yarımfinalda cənubi amerikalılara penalti seriyasında məğlub olan "narıncılar"ın baş məşqçisi məğlubiyyətlərini bəxtlə əlaqələndirib.
63 yaşlı mütəxəssis daha sonra bunları bildirib: "Penalti seriyası həmişə şansdan asılı olub. Romeronu penalti qaytarmağa özümün öyrətməyim məni çox üzür".
Romero 2007-2009-cu illərdə van Qalın rəhbərliyi altında Hollandiyanın "AZ Alkmar" klubunun qapısını qoruyub.
Qeyd edək ki, ötən gecə baş tutan Hollandiya - Argentina görüşünün əsas və əlavə vaxtında qapılara top vurulmayıb. Matçsonrası penalti seriyasında Romero 2 penaltini dəf edib və komandası 4:2 hesablı qələbə qazanıb.