"Azərbaycan ötən il Ümumdünya Antidopinq Agentliyinin tələblərinə uyğun olmayan ölkə kimi göstərilmişdisə, bu il Cənubi Koreyadakı iclasda ölkəmizin adı 3 dəfə müsbət mənada çəkildi. Bunu özümüz üçün böyük nailiyyət hesab edirik. Bir il ərzində çox böyük - 3 ilə görülməli işlər görüldü".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli deyib. O bildirib ki, gələn ilin noyabrında WADA İcraiyyə Komitəsinin iclası Bakıda keçiriləcək. Onun sözlərinə görə, AMADA-nın 2 əməkdaşı - maarifləndirmə və dopinq nəzarəti inspektoru 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında çalışacaq. Dopinqə qarşı mübarizəni gücləndirmək məqsədilə qanunvericilik layihəsi hazırlanıb. Bu sənədə Milli Məclisin yaz sessiyasında baxılması və dopinq vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndiriləcəyi, cinayət məcəlləsinə müvafiq dəyişikliyin ediləcəyi gözlənilir.
"Ölkədə anti-dopinq siyasətini aparmaq üçün işlər yetərli deyil. Bu səbəbdən, hazırda dövlət qurumları və idman təşkilatları ilə əməkdaşlıq müqavilələri imzalanmaqdadır. Yaxın vaxtlarda Daxili İşlər Nazirliyi ilə də əməkdaşlıq memorandumu bağlanılacaq. Yaxın vaxtlarda onlarla birgə işimizin nəticəsini görəcəksiniz. Ölkədən giriş-çıxış məsələləri çox vacibdir. Artıq idmançılar ölkədə olub-olmadıqlarına dair düzgün məlumat vermədikdə, Dövlət Sərhəd Xidmətindən dəqiq məlumat ala biləcəyik. Milli Olimpiya Komitəsi ilə də sıx əməkdaşlıq edirik. Gənclər və İdman Nazirliyindən bizə çox böyük dəstək var. Nazir Azad Rəhimovun bizə böyük dəstəyi var".