
Azərbaycan güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında 1 qızıl və 2 bürünc medal qazana bilər.
Sportnet.az xəbər verir ki, yunan-Roma güləşçilərindən Ayxan Cavadov (60 kq) misirli Ahmed Şabana və polşalı Qrasyan Jeduta 9:0 hesabıyla qalib gəldikdən sonra türkiyəli Ömər Altaş üzərində inamlı qələbə qazanıb – 8:3.
Cavadov yarımfinalda gürcüstanlı Vaxtanq Loluanı “tuş”la xalçadan məyus yola salıb. O, avqustun 22-də finalda ermənistanlı Yurik Mxitaryanla güləşəcək.
Elmin Əliyev (82 kq) ukraynalı Kirilo Şnirovu 11:4 hesabı ilə mübarizədən kənarlaşdırsa da, 1/8 finalda rusiyalı Avropa və dünya çempionu Mixail Şkarinlə bacarmayıb – 0:8. Rəqib finaladək irəlilədiyi üçün Əliyev sabah təsəlliverici görüşə çıxacaq.
Qadın güləşçilərdən Zəhra Kərimzadə (72 kq) 1/8 finalda çinli Yuqi Liuya məğlub olub – 0:10. Rəqib finala yüksəldiyi üçün Kərimzadə sabah təsəlliverici görüşə çıxacaq.