Bakıda Olimpiya və Paralimpiya Cüdo Klubunun açılış mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, tədbirdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, qurumun vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli və digər şəxslər iştirak ediblər.
Açılışı bildirən lent kəsimi ilə başlanan tədbir Dövlət Himninin səsləndirilməsi ilə davam etdirilib. Çıxış edənlər idman zalının ərsəyə gəlməsində London-2012 Yay Paralimpiya Oyunlarının qalibi, hazırda paracüdoçu qadınlardan ibarət Azərbaycan milli komandasında baş məşqçi kimi çalışan Ramin İbrahimovun rolunu vurğulayıblar.
Daha sonra idman qurğusu ilə tanışlıq başlayıb.
Bakı Olimpiya və Paralimpiya Cüdo Klubunda paralimpiyaçılarla yanaşı, olimpiyaçılar, fiziki məhdudiyyətli gənclər və uşaqlar da məşq edə biləcəklər.