
Qobustanda Vətən müharibəsi qəhrəmanı, şəhid Elyar Vəliyevin və rayon şəhidlərinin xatirəsinə həsr olunmuş karatenin Qocyu-Ryu Karate-Do, Kempo-Ryu və Kobudo növləri üzrə I Açıq Respublika Turniri keçirilib.
Sportnet.az xəbər verir ki, Qobustan şəhər Olimpiya İdman Kompleksində baş tutan yarışda yerli İcra Hakimiyyəti rəhbərliyi, rayon ictimaiyyəti və şəhid valideynləri iştirak ediblər.
Əvvəlcə torpaqların bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqləlik sükutla yad edilib, eləcə də dövlət himni səsləndirilib.
Yarışın keçirilməsində məqsəd şəhidlərin xatirəsini hər zaman uca tutmaq, idmanın bu növü üzrə respublikanın prespektivli idmançılarını üzə çıxartmaq və gəncləri pis vərdişlərədən uzaq tutmaqdır.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirə 400-ə yaxın idmançı qatılıb.
Paytaxt Bakı da daxil olmaqla, ümumilikdə 15 rayondan 20 komanda yarışda iştirak edib. Həmin kollektivlər ardıcıl olaraq paraddan keçiblər.
Yarışda ümumilikdə 80 nəfər 1-ci yerə çıxıb. Qobustan idmançıları turnirdə yüksək nəticə göstəriblər. Hər çəki dərəcəsi üzrə 1,2 və 3-cü yerləri tutmuş idmançılar diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, turnirin qalibləri Bakıda keçiriləcək dünya çempionatına lisenziya qazanıb.