
“Sumqayıt” klubunun futbolçusu Vüsal Paşayev Azərbaycan Premyer Liqasında 17 yaş 171 günündə ikən debüt edib. Gənc müdafiəçinin elitada ilk oyunu XXXVI turun “Səbail”lə səfər matçına təsadüf edib. O, qarşılaşmanın 85-ci dəqiqəsində meydana daxil olub. Görüş “Sumqayıt” komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportnet.az komandanın debüt edən 221-ci futbolçusu Paşayevdən "Tanıtım səni" layihəsi üçün müsahibə alıb:
– Əvvəlcə karyeranız barədə məlumat verərdiniz?
– Futbola ilk dəfə “Sumqayıt” akademiyasında başlamışam və artıq 9 ildir ki, “Sumqayıt” klubunda çıxış edirəm.
– Necə oldu ki, futbolu seçdiniz və əsas komandaya qədər harada çıxış etmisiniz?
– Uşaqlıqdan futbola böyük həvəsim olub. Həmişə istəmişəm ki, futbolçu olum. Şükürlər olsun ki, bu mövsüm əsas komandada debüt etdim.
– Kumiriniz kimdir?
– İspaniya millisinin və “Barselona”nın futbolçusu Alexandro Baldenin oyununu çox bəyənirəm.
– Hansı mövqeni özünüzə daha uyğun sayırsınız?
– Sol cinah müdafiəçisi kimi oynamaq mənim üçün daha rahatdır.
– Süni meydançaların futbolçuların hazırlıq prosesinə necə təsir etdiyini düşünürsünüz?
– Keyfiyyətsiz və düzgün baxımı olmayan süni meydançalarda zədələnmə ehtimalı yüksək olur.
– Siz də aşağı yaş qruplarında süni meydançalarda məşq edirdiniz və oynayırdınız?
– Bəli, aşağı yaş qruplarında olarkən bazamızdakı süni örtüklü meydançalarda həm məşqlərimiz olurdu, həm də oyunlara çıxırdıq.
– “Sumqayıt”da ilk maaşınız nə qədər olub?
– Bu barədə açıqlama vermək istəmirəm.
– Azərbaycanlı futbolçulardan kimi daha çox bəyənirsiniz?
– Eyni mövqedə çıxış edən Elvin Cəfərquliyevin oyununu çox bəyənirəm.
– Gələcəkdə hansı kluba keçmək istərdiniz?
– Hələlik bu barədə xüsusi bir fikrim yoxdur. Əsas məqsədim hazırda çıxış etdiyim klubun əsas heyətində möhkəmlənmək və özümü yaxşı tərəfdən göstərməkdir.
– Legioner həyatı yaşamağı düşünürsünüz?
– Yaxşı bir təklif olarsa, niyə də yox?!
– Ailənizdə və yaxın qohumlarınız arasında futbolla maraqlanan və ya bu sahədə məşğul olan varmı?
– Ailəmizdə futbola maraq var. Qardaşım da akademiyamızın U-16 komandasında çıxış edir.