
“Kimin kapitan olması və penalti vurmasına baş məşqçi qərar verəcək. O da komanda içindən olacaq. Başqa adam gəlməyəcək”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Latviya millisi ilə keçirəcəkləri yoldaşlıq görüşü barədə mətbuat konfransında danışarkən deyib.
33 yaşlı yarımmüdafiəçisi komandaya fayda vermək istədiyini bildirib: “Belə məqamlara fikir vermirəm. Əsas komandamın qələbə qazanmasıdlr”.
Mahmudov sabahki qarşılaşmada qələbəni hədəflədiklərini qeyd edib: “Çalışacağıq, yaxşı oyun göstərib qalib gələk. İnanıram ki, onu bacararıq. Çünki bu rəqibə qalib gəlmək üçün kifayət qədər keyfiyyətimiz var. Düzdür, Latviya da yaxşı komandadır. Amma yenə də biz qələbəyə köklənəcəyik”.
O, ilk qolunu 2018-ci ildə Latviyaya vuraraq millinib tarixində 15 qolla bombardir olmasına dair sualı belə cavablandırıb: “Mən onu düşünmürəm. Çünki istəyim komandaya kömək etməkdir. O məqamı düşünsəm, mənə uzaq görünəcək. Şans düşsə, qol vuraram”.
Yığmanın yarımmüdafiəçisi yenidən milliyə aparıcı futbolçu kimi kömək etmək istədiyini vurğulayıb: “Bunun üçün çox çalışıram. İstəyirəm ki, yaxşı olum. Bilirəm, 30 yaşdan sonra özümə daha yaxşı diqqət etməliyəm. Çalışıram hər gün öz üzərimdə işləyərək formada qalım ki, komandaya daha çox xeyir verim. Ümid edirəm ki, yığmaya faydam dəyər”.
Qeyd edək ki, iyunun 7-də Riqa şəhərindəki "Skonto" stadionunda keçiriləcək Latviya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.