
Azərbaycanın 10 məşqçisi Slovakiyada "Pro" kursunun I modulunun oyunların analizləri mərhələsində iştirak edir. Onlar praktiki olaraq, hazırda davam edən U-21 Avropa çempionatını da canlı izləyirlər.
Slovakiyaya səfər edənlərdən biri - Azərbaycanın U-17 millisinin və "Sabah" komandasının sabiq baş məşqçisi Ramin Quluyev Teleqraf-ın suallarını cavablandırıb.
- “Pro” kursunda iştirakınız nə ilə bağlıdır?
- Tutor qismində AFFA-nın təlimatçılarına turnir analizində kömək edirəm.
- Avropa çempionatında ilk turun Gürcüstan - Polşa (2:1) oyununu stadiondan izləyə bildinizmi?
- Bəli, görüşü canlı izlədik. Gürcülər sona kimi əzimkar mübarizə apardılar və son dəqiqələrdə qələbə topunu vurdular.
- Qonşu ölkənin yığma komandası barədə hansı fikirdəsiniz?
- Çox yaxşı təşkilatlanmış komandadır. Polşaya qarşı dominant futbol oynayırdılar. Gürcüstan millisi məndə olduqca xoş təsir bağışladı.
- Sizcə, Azərbaycan millisi niyə o səviyyəyə çata bilmir?
- Bu gün Gürcüstan futbolu yüksəlişdədir. Bir tərəfdən, yerli liqada perspektivli oyunçulara mütəmadi şans verilir və həmin oyunçular da ölkə xaricində kimlərinsə diqqətini cəlb edirlər. Bizim ölkəmizdə isə tamamilə bunun əksi baş verir.
- "Əksi baş verir" demişkən, Azərbaycan Premyer Liqasındakı durum barədə də fikirləriniz maraqlıdır...
- Legioner limitinin ləğvi ilə əlaqədar komandalar yeni mövsümdən fərqli reqlamentdə oynayacaqlar. Bunun nə qədər uğurlu olub-olmayacağını zaman göstərəcək. Bəli, çempionatın səviyyəsi artacaq. Amma ümumilikdə Azərbaycan futboluna xeyri dəyəcəkmi, onu gözləməli olacağıq.
- Siz baş məşqçi olsaydınız, legioner limitinin ləğv olunduğu bir şəraitdə yerli futbolçulara hər oyunda nə qədər şans tanıyardınız?
- Bu suala bir az genış prizmadan baxsaq, orada önəmli olan komandaların hansı yerlər üçün oynamasıdır. Məsələn, “Neftçi”, “Qarabağ” və yaxud digər 2-3 klubumuzu götürək. Onların düşüncəsi çempionluq və avrokuboklara vəsiqədir. Bu halda, yerlilərə şans tanınması faizi çox aşağıdır. Qaldı ki, elitada qalmaq uğrunda mübarizə aparan və ya orta sıralarda gedən komandalara, bu, mümkündür. Bir sözlə, klub rəhbərlərinin sənin qarşına qoyduğu məqsəd çox önəmlidir.
- Siz "Önəmli olan komandaların hansı yerlər üçün oynamasıdır" deməklə dolayısı ilə göstərmirsinizmi ki, azərbaycanlı futbolçulardan qurulmuş və ya yerlilərin çoxluq təşkil etdiyi hər hansı komanda çempionluq və ya mükafatlar üçün mübarizə aparmağa, yer tutmağa qadir deyil?
- Mən azərbaycanlı gənc oyunçuları nəzərdə tuturam. Amma təcrübəli yerli futbolçularla bunu etmək hər zaman mümkündür.
- Yəni, demək istəyirsiniz ki, əksəriyyəti yerli futbolçulardan qurulmuş komanda ilə Azərbaycan çempionu olmaq mümkündür?
- “Qarabağ” hər il çempion olur ki, heyətdə hər matç 4-5 yerli futbolçu çıxış edir. Sözsüz ki, burada legioner amili də var. Amma yenə də yerlilərin ən yaxşıları “Qarabağ”dadır.
- 4-5 yeri futbolçunun çempionluqda faiz nisbəti 50/50-dən çoxdurmu? Digər tərəfdən, onlar həqiqətən də yüksək səviyyəli oyunçulardırsa, niyə milli komanda uğursuzluğa düçar olur?
- Deməzdim ki, faiz nisbəti ilə 50/50-dən çoxdur. Lakin ən yaxşılarıdır. Qaldı ki, milli komandaya, bəli, keyfiyyətli futbolçularımız azdır. Barmaqla sayılası qədərdir və buna görə də millidə nəticə baxımından korluq çəkirik.