Qana millisinin futbolçusu Mohammed Kudus 2026-cı il dünya çempionatını buraxacaq.
Sportnet.az Qana Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi zədədən sonra müalicə kursu keçir.
İngiltərə "Tottenhem"inin formasını geyinən Kudus 2026-cı ilin ilk yarısında onu narahat edən zədənin müalicəsini davam etdirir.
Apreldə futbolçunun sağlamlıq problemlərini aradan qaldırdığı düşünülsə də, sonradan zədə yenidən özünü göstərib. Bu səbəbdən, onun dünya çempionatında iştirak etməsinin mümkün olmadığı rəsmən təsdiqlənib.
Kudus son oyununa yanvarın 4-də İngiltərə Premyer Liqasında "Sanderlend"ə qarşı 1:1 hesabı ilə başa çatan görüşdə çıxıb.
Qeyd edək ki, Qana millisi DÇ-2026-da İngiltərə, Xorvatiya və Panama ilə birlikdə eyni qrupda mübarizə aparacaq. Afrika təmsilçisi ilk matçını iyunun 18-də Panama yığmasına qarşı keçirəcək.







































































