FIFA beynəlxalq transferlərlə bağlı yeni qaydaları təsdiqləyib.
Sportnet.az xəbər verir ki, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklər futbolçuların müqavilələrinin pozulması hallarında kompensasiyanın hesablanması və transfer prosesində oyunçuların hüquqlarını əhatə edir.
Yeni qaydalara əsasən, müqavilə öhdəliklərinin pozulmasından zərər çəkən tərəf tam kompensasiya almaq hüququna malik olacaq. Həm futbolçular, həm də klublar üçün kompensasiyanın məbləği obyektiv meyarlar əsasında müəyyənləşdiriləcək.
Bundan əlavə, beynəlxalq transferlər zamanı futbolçular transfer məbləğinin 5 faizini əldə edə biləcəklər. İllik sabit gəliri 150 min avrodan az olan oyunçular üçün bu ödəniş məcburi xarakter daşıyacaq.
Qeyd edək ki, yeni qaydalar FIFA, FIFPro, UEFA, Avropa Klublar Assosiasiyası (ECA) və Dünya Liqalar Assosiasiyası (WLA) arasında aparılan danışıqlardan sonra hazırlanıb.

















































































