
"Cavid Hüseynov komandadan ayrıldı. Bu gündən onunla "Bakı"nın heç bir bağlılığı yoxdur. O ki qaldı Rauf Əliyev və Əfran İsmayılov məsələsinə, hər iki milli üzvünün gələcəyinə yaxın 2-3 gündə aydınlıq gələcək." Bunu Sportnet.az-a açıqlamasında "Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidov deyib.
Klub rəsmisi Hüseynovla müqaviləyə qarşılıqlı qaydada xitam verilidiyini bildirib. Azərbaycan millisinin digər iki üzvü - Rauf Əliyev və Əfran İsmayılova gəlincə, Seyidov bunları bildirib: "Müqavilələrində nəzərdə tutulan şərtləri yerinə yetirə bilməsək, onlara azad agent statusu veriləcək".
"Bakı"nın vitse-prezidenti növbəti mövsümə hazırlıqlarını davam etdirdiklərini və çempionata hansı futbolçularla çıxmağı planlaşdırdıqlarına dair məsələyə də aydınlıq gətirib: "Müqaviləsi bitməyən oyunçular və Akademiyamızın yetirmələri ilə yolumuzu davam etdirmək niyyətindəyik. Akademiyamızın yetirməsi olan qapıçımız Aqil Məmmədov da sonadək bizimlə olacaq. Ona pul versək də, verməsək də, oynayacaq".