"Çox texnikalı komandaya qarşı oynadıq". Sportnet.az-ın məlumatına görə, bunu Sloveniyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi İqor Benedeyçiç FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə Azərbaycanın U-17 yığma üzərində 4:0 hesablı qələbə qazandıqları görüşdən sonra deyib.
O, komandasının heyətində qapıçı Rok Vodişekin oyununu xüsusi fərqləndirib: "Birinci hissədə 2 qol vurduq. Azərbaycan millisinin də fərqlənmək üçün şansları oldu. Amma onlar şanslardan yararlana bilmədilər. Həm də biz ilk yarıda iki qol vuraraq, böyük üstünlük qazanmışdıq. Bu səbəbdən də ikinci hissədə daha rahat çıxış etdik. Qapıçımızın oyununu qeyd etmək istərdim. O bir neçə epizodda inamlı oynadı. Əminliklə deyə bilərəm ki, bu gün qapıçımız bizə çox kömək etdi”.
Qeyd edək ki, bu qələbə sayəsində C qrupunu 7 xalla 1-ci pillədə başa vuran Sloveniya yığması mükafatlar uğrunda mübarizəni davam etdirəcək.