"Üç xal qazanmağı çox istəyirdik və bunu da qazandıq. "Kəpəz" yaxşı formadadır. Bu səbəbdən futbolçularımız nəticə üçün oynamağı bacardılar. Tək topla yox, topsuz da yaxşı oynadılar və rəqibin hücumlarının qarşısını aldılar". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"lə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Azərbaycan Premyer Liqasının XXIX turunun oyununu dəyərləndirən təcrübəli mütəxəssis bunları bildirib: "Bu gün stadionda futbol ab-havası vardı. Şəhid olan əsgərlərimizi də unutmamışıq. Rəqibdən asılı olaraq öz oyunumuz haqda düşünürəm. Sadəcə bu görüşün ikinci hissədə futbolçular topla daha çox davranmağa başladı və bu da rəqibə çətinlik yaratdı. İstərdim ki, hər bir oyun bizə çətin olsun, sona qədər davam etsin. Deməzdim ki, bizdə hər şey idealdır. Avrokuboklara çox var. Həmiin turnirə çempionatdan fərqli hazırlaşmalıyıq. Rəqiblərə uyğun da hazırlaşmaq lazımdır. Namiq Ələsgərov 6 aylıq icarədədir. Çempionatdan sonra bizim oyunçudur. Futbol bir oyundur. Narazı qaldığım epizodlar var. Öz iradlarımı onlara bildirəcəm. Yaxşı futbolçu olmaq üçün sadə olmalısan. Mahirə ilk hissədə etirazlarım vardı. Rəqib sərt oynaya, hər hansı bir söz ata bilər. Gənc oyunçunun düşüncələri yalnız oyunda olmalıdır. Özümü heç bir komandadan üstün saymamışam. Ancaq meydanda üstün olmağa çalışmışam. Qarşımıza hər oyunda daha da artırmaq məqsədi qoymuşuq".
"Özümüzü həmişə əsgərlərin yanında hiss edirik. Ancaq indi istəsək də alınmaz. Çünki köməyimiz onlara mane olmamaqdır. Ali baş komandan əmr verərsə, buna tabe olmalıyıq. Dualarımız onlarladır" - deyə, Q.Qurbanov bildirib.
Baş məşqçi sonda U-17 millimizə uğurlar arzulayıb: "Həmişə futboldan kiçikdən böyüyə doğru deyilən bir termin var. Onlara uğur arzu edirəm. Bu gənclərin gələcəyi üçün daha da təcrübə olacaq və futbola marağı artıracaq. Orada azərbaycanlılar oynayacaq. Təbriz müəllimə və komandasına uğurlar arzulayıram. Stadion məsələsinə gəlincə, bu barədə danışıqlar gedir. Ehtiyac olsa, variant tapacağıq və burada oynamayacağıq".