"Artıq 29 turdur ehtiyatda qalmadan oynayıram. Bu zaman futbolçu, ilk növbədə, psixoloji cəhətdən yorğun olur. 1 oyun yerimə başqası, növbəti matçda mən meydana çıxsaydım, daha yaxşı olardı. Yəni, başqa komandalardan fərqli, bizdə heyət geniş olmadığından, çox çətin olur”. Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz”in futbolçusu Tərlan Quliyev "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIX tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, komandasının ardıcıl 2 turdur böyük hesabla məğlub olmasında ehtiyat oyunçular skamyasının qısa olması öz sözünü deyir.
Quliyev "Qarabağ”a 0:4 hesabı ilə uduzduqları matçda müdafiədəki səhvlərin həlledici olduğunu bildirib: "Tural Axundovun avtoqol etdiyi epizodda tək onun yox, hamımızın səhvi vardı. Çünki Reynaldonu zərərsizləşdirə bilmədik. Tural istəməzdi ki, öz qapısına qol vursun. Sadəcə, topu qapı xəttindən çxara bilmədi”.
Müdafiəçi oyunda rəqib futbolçu Mahir Mədətovla arasında yaranmış insidentə belə aydınlıq gətirib: "Bu, futboldur, belə şeylər olur. Elə bir problem yoxdur. Düzdür, mən səhv elədim, Mahiri topla vurdum. O da mənə badalaq vurdu”.
Quliyev "Kəpəz”in uğursuzluq zolağından çıxacağına inanır: "Mən hələ əvvəldən demişdim ki, arxayınlaşmamalıyıq. Bizim buna ixtiyarımız yoxdur. Çünki hər şey ola bilər. Biz yeni yaranmış komandayıq. Düzdür, "Kəpəz”dən çox şey gözləyirlər. Biz bacardığımızı edirik. "Qarabağ”ın gücü hamıya bəllidir. Ona görə də 0:4 hesablı məğlubiyyətimizi faciə etmək lazım deyil. Bundan sonra toparlanıb növbəti oyunları xilas etmək lazımdır. Onsuz da başqa şansımız yoxdur. Bundan da aşağı düşmək niyyətimiz yoxdur”.
Futbolçunun sözlərinə görə, medal və avrokuboklara vəsiqə şansını mövsümün sonunda əldən buraxmamalıdırlar: "Kim istəyər ki, əlinə düşən bu cür şansı qaçırsın? Şəxsən mən belə məğlubiyyətə görə pis oluram. İstəmərəm ki, bu cür nəticə ilə üzləşək. Ancaq futbolda olur belə şeylər. AZAL-la oyunda pis oynamadıq. Ancaq ilk qolda mənim fərdi səhvim oldu. Sonra qol imkanlarımız olsa da, istifadə edə bilmədik. Əlbəttə, Junior Osvaldonun yoxluğu özünü göstərdi. Orta sahədə top saxlaya bilmirdik. Biz "Qarabağ”, "Qəbələ” deyilik ki, əvəzolunmayan futbolçumuz olmasın. Junior yarımmüdafiəmizdə çox iş görür. Ehtiyatımız kasad olduğundan onun yerini doldura bilmədik".