"Oyuna yalnız qələbə üçün çıxmışdıq. Pis oynamadıq, hakimlər oyunumuzu korladılar. Qapımıza penalti təyin olundu. Artıq neçənci dəfədir ki, hakimlər bizə qarşı belə addım atırlar". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Premyer Liqanın XXIX turunda "Sumqayıt"la keçirilmiş oyundan sonra ukraynalı mütəxəssis bunları bildirib: "Başa düşürəm, 1-2 oyunda belə səhv etmək olar. Amma artıq bu, sistematik hal alır. Eyni epizodda bizim oyunçunu yıxırlar. Hakimdən soruşur, cavab alır ki, vermək olardı. Amma vermir. Bütün günahı hakimlərin üstünə atmaq istəmirəm. Bəzən mətbuatda elə şeylər yazırlar ki, adam oxuyanda bilmir nə desin. Ukraynadan mənə zəng edib deyirlər ki, buna necə dözürsən? Məsələn, keçən dəfə "Qəbələ"nin "İnter"lə oyunundan sonra mətbuat konfransında Azərbaycan xalqına başsağlığı verdim. Jurnalistlərdən biri bu sözlərdən sonra futboldan danışmamağı təklif etdi. Mən də razılaşdım. Amma bəziləri bunu pis yerə yozublar ki, Qriqorçuk suallardan qaçdığı üçün belə deyir. Halbuki xalqın dərdinə şərik çıxmaq mənim borcumdur.
R.Qriqorçuk Ruslan Abışovla aralarında mübahisə olması ilə bağlı da danışıb: "Ruslanla aramızda mübahisə olmayıb. Ona böyük hörmətim var. Sadəcə, bu dəqiqə üçün meydana ən güclüləri buraxmışdım. Pavel Paşayev də bizim oyunçudur, ona güvənirəm. Bu gün ehtiyatda idi, hər an meydana çıxa bilərdi. Sadəcə, ehtiyac olmadı".