Azərbaycan Premyer Liqasının 29-cu turu liderlərin eyni hesablı darmadağınları ilə yadda qalıb. Sportnet.az-ın məlumatına görə, həm "Qarabağ”, həm də ən yaxın izləyicisi "Zirə" rəqiblərini 4:0 hesabı ilə məğlub edib.
Fərq ondadır ki, lider evdə mükafatlara iddialı "Kəpəz”i, 2-ci yerin sahibi isə autsayder "Rəvan”ı səfərdə həmin hesabla yenib.
Liderlə ən yaxın izləyicisi arasında 10 xallıq fərq qalsa da, turların sayının azalması "Qarabağ”ın çempionluq şansını daha da artırır.
Bürünc medal uğrunda mübarizədə isə "İnter” favoritə çevrilir. Çünki "Kəpəz”lə "Qəbələ”nin bu turda xal itrkilərindən sonra "bankirlər” 3-5 xal geri düşüblər. Gəncə təmsilçisi ardıcıl 4 qələbədən sonra dalabadal 2 matçdır meydanı məğlub tərk edirsə, qəbələlilər artıq 5 turdur qalib gələ bilmirlər.
"İnter”lə "Neftçi” eyni hesablı qələbələri ev-səfərdə qazandılar. "Bankirlər"in AZAL-a məğlub etməsi ilk növbədə "ağ-qaralar”ın işinə yarayıb. Nəticədə "Neftçi” ilə "təyyarəçilər” arasında xal fərqi yenidən minimum olub. Deməli, "Zirə” ilə "İnter”in məlum avrokuboklar qadağasından sonra Avropa Liqasına vəsiqə verən 6-cı yer uğrunda mübarizə yenidən maraqlı məcra alıb.
Turda yeganə heç-heçə Sumqayıda qeydə alınıb. Bununla da "Sumqayıt”la "Qəbələ” arasında "gənclik şəhəri”ndə cari mövsümdə hər oyununda bərabərlik olub. Qəbələdəki matçlar isə meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Göründüyü kimi, "Sumqayıt”a cari mövsümdə "Qəbələ”ni məğlub etmək nəsib olmayıb.