İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Peres UEFA-ya “Neqreyra işi” ilə bağlı geniş hesabat təqdim etməyə hazırlaşır.
Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbəri sözügedən işi futbol tarixinin ən böyük korrupsiya qalmaqallarından biri adlandırıb. Onun sözlərinə görə, 500 səhifədən ibarət dosye artıq hazırlanıb və yaxın vaxtlarda UEFA-ya təqdim olunacaq.
Məlumata əsasən, Madrid təmsilçisi yalnız “Barselona”ya qarşı sanksiya tətbiq edilməsini deyil, həm də Kataloniya klubunun həmin dövrdə qazandığı titulların ləğv olunmasını tələb edir.
Qeyd edək ki, “Neqreyra işi” “Barselona”nın İspaniya Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya 2001-2018-ci illər ərzində müxtəlif ödənişlər etməsi ilə bağlıdır. İspaniya prokurorluğu bu ödənişlərin ümumi məbləğinin 7 milyon avrodan çox olduğunu bildirib.
“Barselona” isə ittihamları qəbul etmir və ödənişlərin hakimlərlə bağlı texniki hesabatlar və məsləhət xidmətləri üçün həyata keçirildiyini vurğulayır.
Hazırda məsələ İspaniya məhkəmələrində araşdırılır. UEFA isə yekun qərarı məhkəmə prosesinin nəticələrindən sonra verəcək.















































































