"Bu gün çempionatımızda ən zəif oyununu keçirdik. Bunun komanda üzvlərinə də bildirdim". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Adil Şükürov deyib.
Gənc mütəxəssis Azərbaycan Premyer Liqasında az öncə bitən "Xəzər Lənkəran"la matçda 1:0 hesabı ilə qələbə qazanmalarına baxmayaraq, oyundan narazı qaldığını gizlətməyib: "Şükürlər olsun ki, qalib gəldik. Ancaq buna baxmayaraq, həddindən artıq zəif oynadıq. Bizim komandaya yaraşmayan futbol oynadıq. Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Ancaq inanıram ki gələn oyunlarda belə olmayacaq və oyunumuzu düzəltməliyik. Bizi qarşıda 6 oyun gözləyir. Onlara da yaxşı hazırlaşıb, oyunumuzu və nəticəni daha da yaxşılaşdıracağıq".
Baş məşqçi oyunun çətin keçdiyini də deyib: "Ağır oyun oldu. Bəziləri "Xəzər Lənkəran"ı cavan olduğuna görə saymırlar. Ancaq bu gün hər bir heyətlə oynamaq və güc göstərmək olar. Demək olar ki, boş zona verilmədi".
Şükürovun fikrincə, fasilədən dərhal sonra meydana buraxdığı cinah yarımmüdafiəçiləri İoqr İvanoviçlə Təmkin Xəlilzadə qələbədə böyük rol oynayıblar: "Komandamızın oyununda ilk növbədə ona görə narazı qaldıq ki, həmişə olan sürət yox idi. İqorla Təmkin meydana girəndən sonra oyunumuz sürətli, hücumlarımız kəsərli alındı. Ancaq ümumilikdə komanda olaraq çox zəif oynadıq".
"Zirə"nin baş məşqçisi hazırda bombardirlər siyahısına başçılıq edən Nelson Bonilyanın gələcək taleyi ilə bağlı danışıb: "Ümumi götürəndə mövsümü başa vururuq. Hər bir futbolçunun bizimlə müqaviləsi var. Bonilya peşəkar futbolçudur. Mövsümün axırında hər bir futbolçu ilə danışacağıq. Özü ilə də danışmışıq. Hələ komandada qalacaq və getmək kimi bir fikri yoxdur".