"Maraqlı və çətin görüş alındı. Uduzmalı deyildik". Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXX tur oyunundan sonra "Xəzər Lənkəran"ın futbolçusu Vaquf Güləliyev deyib.
23 yaşlı müdafiəçi bildirib ki, ilk yarıda rəqibdən üstün oyun sərgiləyiblər. Amma ikinci hissədə, onun fikrincə, yorğunluq özünü büruzə verib və xırda səhvdən qol buraxıblar: "Nodar Məmmədovun ikinci hissənin əvvəllərində zədələnməsi də oyuna təsirsiz ötüşmədi. Onun əvəzinə meydana girən Yusif Həsənov gəncdir. Müdafiədə xırda səhvdən qol gördük. Çalışacağıq ki, qalan 6 turda eyni səhvləri buraxmayaq".
Güləliyev bildirib ki, meydan amilinin də təsirini qabardıb. Sonuncu dəfə süni örtükdə 3 tur öncə "Sumqayıt"a qarşı oynadıqlarını xatırladan gənc futbolçu əksərən təbii örtükdə məşq etdiklərini vurğulayıb. O, Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra 9 oyunu qələbəsiz başa vuran "Xəzər Lənkəran"ın bu sindromu "Qəbələ" ilə növbəti görüşdə sındıracağına söz verib: "Çalışacağıq ki, növbəti oyunda 3 xal qazanaraq, azarkeşləri sevindirək. Biz Qəbələdən də xal gətirmişik. Burda da xal götürəcəyik".
Hazırda 14 xalla 11-ci pillədə olan "Xəzər Lənkəran" sonuncu pillədəki "Rəvan"ı cəmi 3 xal qabaqlayır. Güləliyev hazırkı mövqelərini təhlükəli saymadıqlarını bildirib: "İnanırıq ki, qalan 6 oyunda maksimum xal yığaraq, "Rəvan"dan ən azı 6-7 xal yüksəkdə olacağıq".