"Komandamız normal oyun sərgilədi". Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXI tur matçından sonra deyib.
O bildirib ki, mövsümün sonunda futbolçularda fiziki yorğunluq olur. Bu da normal haldır: "1 xal qazandığımız üçün çox şadıq. İrəlidəki oyunlara baxırıq. Bəzi epizodlarda komanda qapandı. Ancaq bəzi məqamlarda hər iki tərəf açıq futbol oynadı. Gələcək oyunlarda yaxşı nəticə göstərməyə çalışacağıq. Oyunun sonlarına yaxın daha çox müdafiəyə fikir verdik. Cinahlarda oynayan futbolçularımız da sürətlidir. Təmkinlə Nicata uzun ötürmələr vermək üçün belə etdik. Hər ikisi sürətli futbolçudur. İlk ilimizdir və bu yerdə möhkəmlənmək istəyirdik. Futbolda hər şey olur.
Baş məşqçi "Zirə" futbolçularının avrokubokda çıxış edəcək komandalara icarəyə verilməsi fikrinə münasibət bildirib: "Hər birimiz Azərbaycan futbolunun inkişafına çalışırıq. Daima yığmaların futbolçularını cəlb etmişik. Futbolçuların başqa klublara verilməsi düzgün deyil. Bizim öz hazırlıq proqramımız var. Futbolçunun 5 gün bir həftəlik hansısa başqa klubda oynayıb qayıtması peşəkarlıq baxımdan düz deyil. Klub prezidenti millilərin oyunçulaırnın heyətə cəlb olunmasını nəzərdə tutub. Çempionatın sonuna yaxınlaşırıq. Ancaq hələ ki, əcnəbi futbolçuların transferi haqda düşünmürük".
A.Şükürov futbolçuların simuliasiyaya yol vermələrinə də münasibət bildirib: "Bəzi hallarda bu hallar komandanın xeyrinə olur. Bu isə oyundan, hesabdan asılıdır. Biz Nurlanla bu barədə danışırıq ki, bu cür hərəkətlərə az yol versin. Ancaq bu təbii haldır. Çünki futbolçu yorulur".
"Bir ildi burdayam. Komandada heç bir problem yoxdur. Burada qalmağıma gəlincə, rəhbərliklə heç bir problem yoxdu və işimə davam edəcəm" - deyə, baş məşqçi bildirib.