"Zirə"nin ispaniyalı futbolçusu Tato "Neftçi" ilə oyundan sonra müsahibə verib. Yarımmüdafiəçi Sportnet.az-ın matçda olan əməkdaşının da suallarını cavablandırıb.
- "Zirə"nin oyunundan belə nəticəyə gəlmək olurdu ki, meydana 1 xal üçün çıxmısınız...
- Yox. Biz meydana 3 xal üçün çıxmışdıq. Gördüyünüz kimi, ilk hissədə "Neftçi"dən yaxşı oyun sərgilədik. İkinci hissədə isə onlar üstün tərəf oldu. Bununla belə, bizim də 1-2 epizodumuz oldu.
- İkinci hissədə oyun planında geriləməyiniz nə ilə bağlı idi?
- Bu, futboldur. Birinci hissədə biz üstün ola biliriksə, ikinci hissədə rəqibin üstün olması normal haldır. "Neftçi" turnir cədvəlində bizdən aşağıda olsa da, çox yaxşı komandadır. Heyətində yaxşı keyfiyyətlərə malik futbolçular var.
- 2-3 tur ərzində stadionda atan oyununu izləyirdi və motivasiyalı idin. Atan getdi, sanki motivasiyan aşağı düşdü...
- Bu, heç də belə deyil. Mən hər oyuna eyni motivasiya ilə çıxıram. Atamın stadiondan oyununu izləməsi çox yaxşı haldır.
- Belə demək olarmı ki, "Zirə" artıq gümüş medalı təmin edib?
- Əgər riyazi cəhətdən həll etsəydik, bunu düşünmək olardı. Ancaq hələ bu haqda danışmaq tezdir. "Qarabağ"la qarşıdakı oyun barədə düşünməliyik.
- Klubunuzun prezidenti Vüqar Astanov belə açıqlama verib ki, avrokuboklara gedə bilməsəniz, orada çıxış edən klublara futbolçularımızı müvəqqəti verməyə hazırıq. Sənə belə təkkif olsa, razılaşarsan?
- Hazırda "Qarabağ"la matç haqda düşünürəm. Digər komandalar haqda yayda düşünəcəyəm.
- Karyeranda medal olubmu?
- Açığı, peşəkar karyeramda omayıb. Ancaq uşaq yaşlarında müəyyən medallara sahib olmuşam. Hələ 23 yaşım var, gəncəm. Düşünürəm ki, gələcəkdə çox medal qazana bilərəm.
- Belə çıxır ki, ilk medalını Azərbaycanda qazanacaqsan. Bu, sənin üçün nə deməkdir?
- Əlbəttə, bu, mənim üçün böyük zövq olardı. Biz növbəti oyunlar barədə düşünüb çempionatı mümkün qədər ön planda başa vurmağa çalışmalıyıq.
- Çempionluğa ümid edirsənmi? "Qarabağ"la matçda qalib gəlmək nə qədər asan olacaq?
- Təbii ki, "Qarabağ" 1-ci yeri demək olar təmin edib. Bütün bunlara baxmayaraq biz Premyer Liqada evdə məğlub olmamışıq. Düşünürəm ki, 3 xala görə meydana çıxmağa dəyər.
- İspaniyada oynadığın vaxtda Xabi Alonso ilə meydanda mübarizə apardığın şəklinə baxanda, öz-özünə deyirsənmi ki, hardan-hara gəlib çıxmışam? Bunu karyeranda geriləmə kimi sayırsan?
- 18 yaşımda La Liqada debüt etmişəm. Ancaq bu, o demək deyil ki, karyeramı məhz İspaniyada bitirməliyəm. Hazırda Azərbaycandayam və bundan məmnunam. Görək yayda nə baş verəcək, hansı komandaya keçəcəyəm. Bunların hamısını düşünəcəyəm. "Zirə"də qalacağam, ya yox, bunu bilmirəm.