Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümündə çempionluğun taleyi artıq növbəti turda həll oluna bilər. Sportnet.az-ın məlumatına görə, lider "Qarabağ" sona 4 tur qalmış ardıcıl 3-cü çempionluğunu rəsmiləşdirmək şansına malikdir.
Özü də bunun ən yaxın izləyicisi, qızıl medal uğrunda mübarizədə qalan yeganə rəqibi "Zirə" ilə mayın 1-də keçiriləcək səfər matçında baş verməsi mümkündür. Məsələ ondadır ki, zirəlilər bu gün "Neftçi" ilə matçda xal itirəndən sonra "Qarabağ"la arasındakı fərqi 12-yə çatıb. Ağdamlılar "Zirə"yə qalib gələrsə, fərq 15 xala yüksələcək. Bunu isə 4 tura aradan qaldırmaq Adil Şükürovun komandası üçün artıq qeyri-mümkün olacaq. "Qarabağ" heç-heçə edərsə, 12 xallır fərq qalacaq və bunu 4 tura aradan qaldırmaq riyazi cəhətdən mümkündür. Qurban Qurbanovun komandası debütantla evdəki hər 2 oyunda qalib gəldiyindən şəxsi matçlarda üstündür. Sadəcə, ilk 2 komandanın sonda xalları bərabər olarsa, əsasnaməyə görə çempionluğu müəyyənləşdirmək üçün "Qızıl oyun" keçirilməlidir. Deməli, "Zirə" ilə heç-heçə "Qarabağ"ı sona 4 tur qalmış çempion etməyəcək.
Qeyd edək ki, "Qarabağ" "Zirə"yə qalib gələrsə, eyni zamanda Premyer Liqada onun meydanında məğlub edən ilk komanda kimi tarixə düşəcək. Buna hələ ki yalnız "Qəbələ" ölkə kubokunda 2:1 hesablı qələbə ilə nail olub.