"Neftçi"nin futbolçusu Rəhman Hacıyev "Zirə" ilə oyundan sonra müsahibə verib. Yarımmüdafiəçi Sportnet.az-ın oyunda olan əməkdaşının da suallarını cavablandırıb.
- "Zirə" ilə oyun necə keçdi?
- Turnir cədvəlində sonlarda getməyimizə baxmayaraq hər bir oyuna ciddi hazırlaşırıq. Bugünkü oyun çətin oldu. Bizi qarşıda "Qəbələ" ilə kubok oyunları gözləyir. Belə baxanda, ümidimiz yalnız kubokdur. Çox ciddi hazırlaşırıq.
- Deməli, çempionatdan avrokuboklara qatılmağın gecə olduğunu qəbul edirsən?
- Əlbəttə, yox, qəbul etmirəm. Qarşıda oyunlar var və qalib gəlsək, irəli düşə bilərik.
- Ancaq "Neftçi" belə demək olarsa kuboku seçib?
- Seçmişik deyəndə ki, ümidimiz onadır və çox ciddi hazırlaşırıq. İnşallah, qələbə qazanarıq. Kubok matçlarına çox az vaxt qalıb.
- "Qəbələ" ilə 1 həftədə ardıcıl 3 oyun keçirəcəksiniz. Bu, sizə nə dərəcədə çətin olacaq?
- Çətin bir şey olmayacaq. Belə ardıcıllıq normal bir şeydir. Əvvəl burda oynayacağıq. Sonra səfərə yola düşürük. Çempionatdakı matçdan sonra Qəbələdə qalacağıq.
- Ola bilərmi ki, Qəbələdəki çempionat oyununa önəm verməyib gücünüzü kubokda cavab matçına saxlayacaqsınız?
- Xeyr. Bütün oyunlara ciddi çıxacağıq. Əvəzedici futbolçularımız var. Hamımız bir nəfər kimi çıxıb canımızı qoyacağıq. Düzdür, bu oyunda qol imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. "Qəbələ" ilə oyunda istifadə edərik.
- Vəli Qasımovun gəlişindən sonra Əsgər Abdullayevin dövründəki futbolu oynaya bilmirsən. Ola blərmi ki, texnikalı futbolçu olduğundan Abdullayev sənə rahatçılıq verirdi?
- Milliyə gedəndə çox pis olmuşdum. Böyrəyimdə şiddətli ağrı olmuşdu. 10-15 gün məşq etmədim. Yenicə özümə gəlirəm.
- Yəni oyun praktikan yoxdur, ona görə?
- Praktikanı demirəm. Sadəcə, hazır deyildim, Sağ olsun, Vəli müəllim, bugünkü oyunda mənə şans verirdi. Mən də çıxıb əlimdən gələni etdim.