Portuqaliya millisinin sabiq futbolçusu Edinyo AZƏRTAC-a müsahibə verib.
Sportnet. az xəbər verir ki, o, yığmanın dünya çempionatındakı şanslarını dəyərləndirib, Kriştianu Ronaldunun mundialla bağlı hədəflərindən danışıb, həmçinin Azərbaycan futbolu barədə fikirlərini bölüşüb.
- Portuqaliya millisi bu gün dünya çempionatında mübarizəyə başlayır. Yığmanın Konqo ilə keçirəcəyi ilk oyun barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, bizi kifayət qədər çətin qarşılaşma gözləyir. Konqo millisinin heyətində çoxlu keyfiyyətli futbolçular var və onların əksəriyyəti Avropanın müxtəlif klublarında çıxış edir. Bu da həmin komandanın həm fərdi keyfiyyət, həm də təcrübə baxımından güclü olduğunu göstərir. Üstəlik, Konqo millisində təcrübəli futbolçularla gənc oyunçular arasında yaxşı balans qurulub və komanda meydanda kifayət qədər mütəşəkkil təsir bağışlayır. Buna görə də Portuqaliya üçün asan oyun olmayacağını düşünürəm. Lakin eyni zamanda, hesab edirəm ki, bizim də hər mövqedə yüksəksəviyyəli futbolçularımız var və komanda bu turnirə yaxşı hazırlaşıb. Futbolda heç nəyi əvvəlcədən demək mümkün deyil, amma inanıram ki, Portuqaliya oyunun sonunda qalib gələn tərəf olacaq.
- Yığmanın kapitanı Kriştianu Ronaldudan bu turnirdə nə gözləyirsiniz?
- Ronaldu elə Ronaldudur. Onun haqqında əlavə təqdimata ehtiyac yoxdur. Bənzəri olmayan futbolçudur. Onun kim olduğunu və futbol tarixində hansı yerə sahib olduğunu hər kəs bilir. Dünya çempionatına xüsusi motivasiya ilə hazırlaşıb. Hamı anlayır ki, bu turnir onun son dünya çempionatı ola bilər. Məhz buna görə də onu çox fokuslanmış, məsuliyyətli və yüksək motivasiyalı görürəm. Təkcə Ronaldu deyil, ümumilikdə bütün komanda vahid məqsəd uğrunda birləşib. Hər kəs mundialda uğurlu çıxış etmək və mümkün qədər irəli getmək istəyir. Hesab edirəm ki, həm Ronaldu, həm də komanda bu çağırışa tam hazırdır.
- Millinin heyətində ulduz futbolçular yer alır. Sizcə, bu amil dünya çempionatı kimi nəhəng turnirdə uğur qazanmaq üçün kifayətdir?
- Hamı Portuqaliya millisinin potensialını yaxşı bilir. Heyətimizdə Avropanın aparıcı klublarında çıxış edən çoxlu futbolçular var. Bruno Fernandeş, Bernardo Silva, Vitinya, Joao Neveş, Joao Kanselo və digər oyunçular yüksək səviyyədə çıxış edirlər. Düzdür, onlar uzun və ağır mövsüm keçiriblər, çox sayda matçda iştirak ediblər. Amma düşünürəm ki, hamı hazırdır və bu çempionatda tarix yazmaq istəyir. Vitinya və Joao Neveş Fransanın PSJ, Bruno Fernandes İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edir. Heyətimiz keyfiyyətli futbolçularla zəngindir və demək olar ki, hər mövqedə seçim imkanımız var. Bununla yanaşı, uğur yalnız fərdi keyfiyyətdən asılı deyil. Komandanın oyuna yanaşması, fokuslanması, psixoloji hazırlığı və məşqçilər korpusunun qərarları da mühüm rol oynayacaq. Əlbəttə, heç kim əvvəlcədən qələbəyə zəmanət verə bilməz. Amma fərdi keyfiyyət baxımından dünyanın ən güclü komandalarından biri olduğumuzu düşünürəm.
- Sizcə, turnirin sürpriz komandası hansı yığma ola bilər?
- Məncə, sürpriz edə biləcək komandaların sayı kifayət qədərdir. Mərakeş millisini xüsusi qeyd edərdim. Son illərdə çox yaxşı inkişaf ediblər və güclü heyət formalaşdırıblar. Ümumiyyətlə, Afrika komandalarının əvvəlki illərlə müqayisədə daha təcrübəli və daha yaxşı təşkilatlanmış olduğunu düşünürəm. Bundan başqa, Səudiyyə Ərəbistanı seçməsinin də yüksəksəviyyəli futbol nümayiş etdirdiyini görürük. Müasir futbolda artıq hər kəs necə oynamağı bilir, bütün komandalar ciddi şəkildə hazırlaşır və məqsədlərinə fokuslanırlar. Buna görə konkret bir sürpriz komandanın adını çəkmək çətindir. Amma indiyədək gördüklərimiz onu göstərir ki, maraqlı nəticələr ola bilər.
- Əgər duyğuları bir kənara qoyub sırf real mənzərəyə baxsaq, ürəyinizdəki çempionla ağlınızdakı çempion eyni komandadır, yoxsa bu mundialın qalibi tam sürpriz bir ölkə olacaq?
- Mənə görə, Portuqaliya olacaq (gülür). Əlbəttə, bunun nə qədər çətin olduğunu da hamımız bilirik. Belə turnirlərdə hər şey xırda detallardan asılı olur – topun qapı xəttini keçib-keçməməsindən, futbolçuların fiziki durumundan, təzyiqə reaksiyalarından və yorğunluq səviyyəsindən. Avropada çıxış edən bir çox futbolçu bu mövsüm çoxlu oyun keçirib. Ona görə də hər şey komandanın turnir ərzində hansı vəziyyətdə olacağından asılıdır. Mən Portuqaliyanın çempion olmasını arzulayıram. Çünki bu, Kriştianu Ronaldunun son dünya çempionatı ola bilər. Bütün Portuqaliya xalqı da bunu arzulayır. Komandamızın keyfiyyəti və potensialı var. İndi əsas məsələ həmin potensialı meydanda göstərməkdir.
- Dünya çempionatından əvvəl Ronaldu ilə görüşmək imkanınız olubmu?
- Bəli. Komanda turnirə yollanmamışdan təxminən üç gün əvvəl həm Ronaldu, həm də digər futbolçularla görüşmüşəm. Çünki mən milli komandanın səfiriyəm. Yığmada çox müsbət atmosfer hiss etdim. Gördüklərim məndə çox yaxşı təəssürat yaratdı. Komanda özünə inanır, futbolçular rahat və motivasiyalı görünürlər. Ronaldu ilə söhbətimdə də onun bu turnir üçün necə böyük məsuliyyət daşıdığını və komandanı zirvəyə daşımaq üçün hər şeyə hazır olduğunu bir daha aydın gördüm. Psixoloji baxımdan da hazır olduqlarını düşünürəm. Buna görə mundialda güclü və iddialı Portuqaliya millisi görəcəyimizə inanıram.
- Azərbaycanın "Qarabağ" klubu son illər Avropada yaddaqalan nəticələr göstərir. Bu komandanın səviyyəsi və potensialı haqqında nə deyə bilərsiniz?
- Azərbaycanın yaxşı komandaları var. Onlardan ən yaxından tanıdığım klub "Qarabağ"dır. Son illərdə öz güclərini Avropa arenasında da nümayiş etdiriblər və hər il daha da inkişaf edirlər. Azərbaycanın digər komandaları barədə çox məlumatım yoxdur. Amma "Qarabağ"ın yaxşı şəraitə, keyfiyyətli futbolçulara malik olduğunu bilirəm. Hesab edirəm ki, bu, çox yaxşı təşkilatlanmış və uğurlu komandadır.
- "Qarabağ"ın illərdir davam edən bu sabit uğurlarında baş məşqçi Qurban Qurbanovun böyük payı var. Bir mütəxəssis kimi kənardan baxanda onun oyun fəlsəfəsi haqqında nə düşünürsünüz?
- O, yaxşı və təcrübəli məşqçidir. Qələbə qazanmağı sevən mütəxəssisdir. Komandasının oyununda həmişə müəyyən ideya və sistem görünür. Açığı, onu yaxından tanımıram. Amma kənardan görünən odur ki, işini peşəkar şəkildə görən və qalib gəlməyi sevən, komandasına öz ideyalarını aşılaya bilən məşqçidir. Uzun illərdir əldə etdiyi nəticələr də bunu təsdiqləyir.
Müxbir – Cavid Əliyev



















































































