
Sabah Azərbaycan kuboku uğrunda yarımfinal mərhələsinə start veriləcək. Sportnet.az-ın məlumatına görə, ilk matçlar paytaxtda keçiriləcək. Əyalət təmsilçiləri "Qarabağ"la "Qəbələ" Bakı klublarının qonağı olacaq.
Yarımfinal iştirakçıları kubokda əvvəl də görüşdüklərindən tanış rəqiblərdir. Maraqlıdır ki, hər 2 cütdə mübarizə finalda olub. "İnter"lə "Qarabağ" Tofiq Bəhramov adəna Respublika stadionunda finalda 2009-cu ildə üzləşiblər. Onda "Qarabağ" 1:0 hesabı ilə qalib gələrək kubokun qalibi olub. Bu, Qurban Qurbanovun hazırda da baş məşqçisi olduğu Ağdam təmsilçisində debüt mövsümü və qazandığı ilk titul oldu. "İnter" "Qarabağ"la 2005-ci ildə və 2008-ci ildə müvafiq olaraq 1/8 (0:1, 2:0) və 1/4 final (2:2 və 1:0) mərhələlərindən isə qalib ayrılmağı bacarıb. Yeri gəlmişkən, bu mövsümlərin hər ikisində "bankirlər" finalda oynasalar da, qalib ola bilməyiblər və hələ də kubok həsrəti ilə yaşayırlar.
"İnter"lə "Qarabağ" kimi, "Neftçi" ilə "Qəbələ" də ilk dəfə yarımfinalda görüşəcəklər. 2014-cü ildə mərkəzi arenada keçirilən finalda əsas və əlavə vaxtı 1:1 hesabı ilə nəticələndiyindən, qalibi müəyyənləşdirmək üçün oyunsonrası penaltilər seriyasına ehtiyac oldu. "Neftçi" bu zərbələrdə daha dəqiq idi - 3:2. Bu, "Qəbələ"nin ilk və hələ ki son finalıdır. Roman Qriqorçukun komandası ötən mövsümdə mübarizəni 1/4 finalda dayandırmalı oldu.
İlk baxışdan nə qədər qəribə görünsə də, yarımfinal iştirakçılarından yalnız "Neftçi"nin çempionatda mükafatçılar sırasına düşmək şansı demək olar qalmayıb. Buna görə də ağ-qaralar" Avropa Liqasına düşməklə bağlı bütün ümidlərini məhz ölkə kubokuna bağlayıb. Özü də Vəli Qasımovun komandasının ev oyunlarını keçiridyi "Bakcell Arena"da cari mövsümdə son matçı məhz sabah olacaq. Çünki mayda Bakıda keçiriləcək 17 yaşadək yığma komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunları ilə əlaqədar bir necə klubumuz, o cümlədən "Neftçi" çempionatın sonunda rəqiblərini başqa stadionda qəbul etməli olacaq. Bürünc medal uğrunda mübarizəsini davam etdirən "Qəbələ"nin Premyer Liqadan Avropa Liqasına düşməsi nə qədər real olsa da, ölkə kubokuna da ciddi yanaşacaq. Hər halda, mövsümün əvvəlində qarşısında çempionluq məqsədi qoyan, ancaq buna nail ola bilməyən "qırmızı-qaralar" tutul qazanmaq üçün kuboka kökləniblər.
Ardıcıl 3-cü çempionluğunu rəsmiləşdirməsi qalan "Qarabağ" ötən il olduğu kimi mövsümü "qızıl dubl"la başa vurmaq iiddiasındadır. Rəqibin onun üçün münasib olması finala çıxmaq şanslarını artırır. Hər halda, "İnter" cari çempionatda "Qarabağ"la keçirdiyi 4 oyundan 3-də uduzub, cəmi 1 heç-heçə edib, cəmi 1 qol vurub. "Bankirlər" UEFA-nın qərarı ilə qarşıdakı 3 avrokubok mövsümündən 1-dən kənarda qalmalı olduğundan, cari mövsümdə Avropa arenasına çıxa bilməyəcəklər. "Ancaq bu, o demək deyil ki, İnter" kuboka önəm verməcəyək. Hər halda, "İnter" indiyədək 4 dəfə finalda oynasa da, heç vaxt kubokun qalibi ola bilməyib. Deməli, komandanın gürcü baş məşqçisi Zaur Svanadze debüt mövsümündə həmin tilsimi qıra bilər ki, onun üçün bundan yaxşı stimul ola bilməz.
27 aprel (çərşənbə)
"İnter”
– "Qarabağ”
Hakimlər:
Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Mehman Mahmudov
Əlavə köməkçi
hakimlər: Ömər Paşayev, Ramil Diniyev
AFFA
nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor:
Vüsal Əliyev
"İnter
Arena”, 16:00
"Neftçi”
– "Qəbələ”
Hakimlər:
Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov
Əlavə köməkçi
hakimlər: Orxan Məmmədov, Ramil Əhmədov
AFFA
nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor:
Xaqani Məmmədov
"Bakcell
Arena”, 19:00
Hər 2 oyun "CBC Sport" ilə canlı yayımlanacaq.