Sabah Azərbaycan milli komandası növbəti seçmə mərhələdə mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, millimiz bu dəfə 2018-ci il dünya çempionatının seçmə mərhələ oyunlarında çıxış edəcək. Robert Prosineçkinin komandası startda San Marino yığmasının qonağı olacaq.
Bu, millimizin tarixində 12-ci seçmə mərhələ olacaq. Azərbaycan yığması 1994-cü ildən Avropa və dünya çempionatının final mərhələsinə düşmək uğrunda mübarizə aparır. Bu 12 tsikldən yarısı debütümüzün da təsadüfi etdiyi qitə birinciliyi olub. Yığmamız dünya çempionatında da 6-cı sınağına başlayır. Bu, final mərhələsi Rusiyada keçiriləcək turnirdə mübarizədir və C qrupunda yer alan millimizin rəqibləri San Marino ilə yanaşı, Almaniya, Çexiya, Norveç və Şimali İrlandiyadır. Rəqiblərimizdən San Marino və Çexiya ilə ilk dəfə seçmə mərhələdə qarşılaşacağıq. San Marinoyla ümumiyyətlə, ilk dəfə görüşəcəyik. Millimiz Çexiya ilə keçirdiyi yeganə oyunu 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərində beynəlxalq turnirdə olub və 2:0 hesablı qələbəmizlə nəticələnib.
Azərbaycan yığması Almaniya, Şimali İrlandiya və Norveçlə isə bir yox, bir neçə dəfə seçmə mərhələdə üzləşib. Norveç elə ötən seçmə mərhələdə də rəqibimiz olub. Onda Bakıda Mahmud Qurbanovun baş məşqçi əvəzi olduğu millimizi 1:0 hesabı ilə məğlub edən vikinqlər Osloda qolsuz bərabərliklə kifayətlənməli olub. Məhz bu matçda yığmamızın baş məşqçi postunda Robert Prosineçki qərarlaşmışdı və o, ilk səfər sınağından xalla qayıda bilib.
Prosineçki millmizdə işinə də indi olduğu kimi, 0 xalla başlamışdı. Çünki onda ilk 4 oyunda məğlubiyyətləri sıaralamışdıq. İlk xal ilk qələbəylə gəldi və Robert Prosineçkinin yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda Maltanı 2:0 hesabı ilə məğlub etdi. Yığmamız xorvatiyalı mütəxəssisin rəhbərliyi altında final mərhələsinə çıxa bilməyərərək yalnız qrup 5-cisi oldu və hesabına 6 xal yaza bildi. İndisə Prosineçki milliylə işinə seçmə mərhələnin əvvəlindən başlayır və mübarizəyə 3 xalla başlamağa çox şanslıdır. Hər halda, San Marino nəinki qrupumuzun, Avropanın, elə dünyanın da autsayder yığmalarından sayılır.
Qeyd edək ki, millimiz son rəsmi oyununu ötən ilin oktyabrında səfərdə Bolqarıstana qarşı keçirib. AVRO-2016-nin seçmə mərhələsinə yekun vuran Sofiyadakı həmin qarşılaşmada 0:2 hesabı ilə məğlub olduq.
Mehman Süleymanov