21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Yaşar Vahabzadə Farer adaları millisi ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının seçmə qrup matçından sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ilk növbədə oyun haqda fikirlərini bölüşüb...
- Əvvəlcədən bilirdik ki, rəqib əks-hücumda oynayacaq. Əsas təhlükə top bizdə olanda yarana bilərdi. Qorxduğumuz da başımıza gəldi. Rəqib əks-hücumda fərqlənənədək, epizodlarımız oldu. Qapımızda top gördükdən sonra uşaqlar əzmkarlıq göstərdi və bərabərlik qolunu vurduq. Arxayınlıq və imkanlardan yararlana bilməməyimiz qələbəmizə mane oldu.
- İstefa barədə düşünmürsünüz?
- Xeyr, növbəti oyuna hazırlaşırıq.
- Budaq Nəsirova şans verməməyiniz nə ilə bağlıdır?
- Oyun praktikası yoxdur.
- Bəs, Elnur Cəfərovun praktikası var idi?
- Xeyr, Elnura dəstək olmalıyıq. Ancaq oyun göstərdi ki, Cəfərov məşqdə özünü yaxşı tərəfdən göstərsə də, oyun praktikası yoxdur.
- Yəni, etiraf edirsiniz ki, Cəfərovu start heyətində buraxmaqla səhvə yol vermişdiniz?
- Xeyr. Axı, o, məşqdə özünü yaxşı tərəfdən göstərmişdi.
- Rəqib komandanın baş məşqçisi cəmi 30 minlik əhalidən yığma formalışdırmalı olduğunu qabartdı. Sizin sərəncamınızda isə oynayan futbolçular var idi. Uğursuzluqda günahkar futbolçulardır, yoxsa baş məşqçi?
- Bu, futboldur. Oyunçuların əzmkarlığını yerə vura bilmərik. Bu, biabırçılıq deyil.