Yeni mövsümə hazırlığı davam etdirən "Neftçi”nin U-14 komandası bu gün yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, Eldəniz Məmmədovun yetirmələri "Əlincə” klubu ilə qarşılaşıb. Görüş "Əlincə Arena”nın ehtiyat meydançasında baş tutub.
"Neftçi”nin üstünlüyü şəraitində keçən oyunun 27-ci dəqiqəsində Vüsal Qənbərov hesabı açıb. Fasiləyə az qalmış futbolçumuz daha bir qol vuraraq hesabı 2:0-a çatdırıb. İkinci hissədə rəqib qollardan birinin əvəzini çıxsa da, oyun qonaqların qələbəsi ilə nəticələnib – 2:1.
Eldəniz Məmmədov oyundan sonra "Neftçi TV"yə danışıb: "Oyun normal keçdi. "Əlincə” bu liqada layiqli rəqibdir. Bu liqa mənim üçün yenidir. Komandanı avqustun 15-də Rəhim müəllimlə birlikdə təhvil almışıq. Yəni öz komandamız da bizim üçün yenidir. Əsas heyətin 4 üzvü komandanı tərk etdiyindən oyunçu qıtlığı var idi. Məşqlərə başlayandan seleksiya işləri gedir, yeni futbolçulara baxırıq, komandanı yavaş-yavaş formalaşdırırıq. Bu, üçüncü yoldaşlıq görüşü idi, zədəli futbolçularımız da qayıdandan sonra, demək olar ki, komandanı komplektləşdirəcəyik. Klubumuzun strategiyasına uyğun olaraq aşağı yaş qrupundan futbolçular dəvət etmişik, yuxarı yaş qrupuna oyunçular vermişik. Nəticə öz yerində, amma əsas məqsəd futbolçular yetişdirmək, milli komandaya oyunçular hazırlamaqdır. Çalışacağıq ki, əlimizdən gələni edək”.