Azərbaycan klublarının Avropa Liqasının qrup mərhələsindəki uğursuz ənənəsi davam edir.
Sportnet.az-ın məlumatına görə, təmsilçilərimiz 4-cü mövsümdür çıxış etdikləri qrupda hələ də mübarizəyə qələbə ilə başlaya bilmirlər.
Bu, "Qarabağ"la "Qəbələ"nin ilk turdakı oyunlarından sonra da davam edib. Qurban Qurbanovun komandası evdə Çexiyanın "Slovan" klubu ilə 2:2 hesablı heç-heçə edib. Roman Qriqorçukun yetirmələri isə səfərdə Belçikanın "Anderlext" klubuna 1:3 hesabı ilə uduzub.
Ölkəmizin qrupda debütü 2012-ci ildə "Neftrçi" ilə olub və Serbiyada "Partizan"la qolsuz bərabərlik qeydə alınıb. Bundan 2 il sonra "Qarabağ" qrupda debütündə Fransanın "Sent-Etyen" klubu ilə Tofiq Bəhramov adına Respublika stadionunda qolsuz bərabərliyə imza atıb.
Maraqlıdır ki, "Qəbələ"nin debütündə də məhz 0:0 hesabı olub. Bu, ötən il Yunanıstanın PAOK klubu ilə "Bakcell Arena"da olub. Əvvəllər ilk turda yalnız 1 dəfə məğlub olmuşuq ki, bu da "Qarabağ"ın keçən mövsüm Londonda İngiltərə "Tottenhem"inə 1:3 hesabı ilə uduzduğu matçdır. Beləliklə, Azərbaycan klubları ardıcıl ikinci mövsümdür ki, debüt etdikləri səfər matçlarından eyni hesablı məğlubiyyətlə ayrılırlar.
Ev oyunlarındakı debütlərdə isə heç-heçə baş verir. İlk turda adətən heç-heçə, özü də daha çox qolsuz bərabərlik qeydə alınır. Azərbaycanın qrupda qələbələri yalnız "Qarabağ"la bağlıdır ki, bu, əvvəlki hər 2 mövsümdə olub. Əvvəlcə Ukraynanın paytaxtı Kiyevdə "Dnepr", sonra Bakıda "Anderlext" üzərində 1:0 hesablı qələbədir.