"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki hər 3 rəqibi bu gün öz ölkələrinin çempionatlarında növbəti oyunlarını keçirib. Sportnet.az-ın məlumatına görə, onların hamısı qələbəni bayram edib.
Roman Qriqorçukun komandasının bu həftə səfərdə 1:3 hesabı ilə uduzduğu "Anderlext" Belçika çempionatının VII turunda "Genk"in qonağı olub. Qonaqlar 2:0 hesablı qələbəni bayram edib. "Anderlext"dən seneqallı müdafiəçi Kra Mboci 64-cü dəqiqədə hesabı açıb. Bundan 12 dəqiqə sonra tunisli hücumçu Hamdi Harbaui matçda son nöqtəni qoyub. "Genk"in ikinci hissədə 2 futbolçusu qırmızı vərəqə alaraq meydandan qovulduğundan, "Qəbələ"nin rəqibi meydanda böyük say üstünlüyünə malik olub. "Anderlext" 7 oyundan sonra 15 xala malikdir və lider "Zulte Varegem"dən 1 xal geridədir.
"Qəbələ"nin növbəti oyununu keçirəcəyi Almaniyanın "Maynts" klubu III turda "Auqsburq"un qonağı olub və 3:1 hesablı qələbə qazanıb. Hesabı 7-ci dəqiqədə qonaqların kolumbiyalı hücumçusu Con Kordoba açıb. Meydan sahibləri ikinci hissədə tarazlığı bərpa edə bilsələr də, 72-ci dəqiqədə türkiyəli yarımmüdafiəçi Yunus Mallı "Maynst"ı" yenidən hesabda irəli çıxarıb. Qarşılaşmanın 81-ci dəqiqəsində isə yaponiyalı müdafiəçi Yoşinori Muto hesabı 3:1 edib. Matçın 90+3-cü dəqiqəsində isə qonaqların ispan yarımmüdafiəçi Xose Rodriges birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. "Maynts" 3 oyundan 4 xalla 18 komanda arasında 9-cu pillədədir.
Fransanın "Sent-Etyen" klubu isə "Bastiya" ilə ev oyununda boşa verdiyi penalti ilə sonda sevinib. Məsələ ondadır ki, meydan sahiblərinin 7-ci dəqiqədə sloveniyalı hücumçusu Robert Beriç 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib. 90+3-cü dəqiqədə yarımmüdafiəçi Roman Hamuma isə penaltidən qələbə topunun müəllifi olub. "Sent-Etyen 5 oyundan 8 xalla 20 komanda arasında 8-ci pillədədir.
Xatırladaq ki, "Qəbələ" qrupda növbəti matçında sentyabrın 29-da "Bakcell Arena"da "Maynts"la üz-üzə gələcək.