"Dünən baş məşqçi kimi ilk oyunuma çıxdım. Bilirdim ki, baş məşqçi və futbolçu ayrı-ayrı peşələrdir. Dünən də bu mənimçün sübut olundu". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov klubunun rəsmi saytına açıqlamasında bildirib. Millimizin da kapitanı olan 34 yaşlı müdafiəçi dünən 19 yaşlılardan ibarət komandasını baş məşqçi kimi ilk rəsmi oyununa çıxarıb. "Qarabağ" həmin matçda səfərdə "Zirə"yə 1:2 hesabı ilə məğlub olub.
Sadıqov debüt oyunu haqda açıqlamasında baş məşqçiliyin çox məsuliyyətli iş olduğunu söyləyib: "Oyuna gəincə, hər iki komandanın ifasında maraqlı və gərgin mübarizə izlədik. Hər iki komanda istəkli idi, nəticə üçün əllərindən gələni edirdilər. Bu da sevindiricidir ki, gənclərimiz 90 dəqiqə mübarizə apardı. Qarşıma qoyulan məqsəd, əsas komandanın oyun prinsipinə uyğun bir komanda formalaşdırmaqdır. İki aya yaxın idi ki, bunun üzərində işləyirdik. Və dünən qarşılaşmada da əsas komandamıza aid oyun fəlsəfəsinin şahidi olduq. Amma buna baxmayaraq daha çox çalışmalıyıq. Dünən qələbə qazana da bilərdik, məğlub da ola bilərdik. Komandanın göstərdiyi oyundan razı qaldım, verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Fərdi səhvlərə görə məğlub olduq. Amma belə templə davam etsək, daha yaxşı oyun göstərib nəticələr əldə edə bilərik".