1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prosineçkinin şübhəli davranışları
Son zamanlar Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin işinə əvvəlki həvəslə yanaşmadığı müşahidə olunmaqdadır. Bu, özünü xüsusən, ilin əvvəllərindən göstərməyə başlayıb.
Prosineçkinin halından məmnun olmadığını onun davranışlarından da sezmək mümkündür. Azərbaycana yeni gəldiyi vaxtlarda bir gündə 2 oyun izləyən xorvatiyalı mütəxəssis indi gözə dəymir. O, hələ yanvarın 11-də Antalyaya Azərbaycan klublarının hazırlıq prosesini izləməyə getməli idi. Lakin AFFA Prosineçkinin soyuqdəymə üzündən Bakını tərk edə bilmədiyini və bu səbəbdən, səfərin təxirə salındığını bildirdi. 2017-ci ildə isə Premyer Liqanın 3 turu geridə qalıb. Ancaq Prosineçki baş tutan 12 matçdan yalnız 3-ünü canlı izləyib. Başqa sözlə, o, hər tur bir qarşılaşmaya tamaşa edib. Daha əvvəlki kimi nə Gəncəyə gedir, nə Qəbələyə, nə də Sumqayıta.
Belə bir durumda 2 sual yaranır:
1. Milli komandanın baş məşqçisinin çempionat oyunu izləməkdən daha vacib nə işi ola bilər?
2. AFFA rəhbərliyi Prosineçkidə "foqtslaşma”nın getməsinə niyə göz yumur?
Hər iki sualın cavabın Prosineçki ilə AFFA rəhbərliyi daha dəqiq bilər. Amma mümkün səbəblər bunlar ola bilər:
1. AFFA Prosineçki ilə 2014-ci il dekabrın 3-də müqavilə imzalayanda hələ ölkədə maddi sıxıntılar indiki kimi baş qaldırmamış, devalvasiya olmamışdı. Həmin vaxt müqaviləyə əsasən yığma məşqçilərinə ümumilikdə illik 1,2 milyon avro maaş boyun olan AFFA indi ikiqat xərcə düşüb. Çünki 2014-cü illə müqayisədə avronun məzənnəsində təxminən ikiqat artım olub. Assosiasiya əvvəllər illik 1.2 milyon manat ödəyirdisə, indi bu məbləğ ən azı 1 milyon manat artıb. Bu səbəbdən Prosineçki və köməkçilərinin məvacibinin ödənilməsi ilə bağlı problem yaranıb, uzun müddətli gecikmələr var.
2. DÇ-2018-in seçmə mərhələsində milli komandamızın 4 oyundan 7 xal toplaması və yer aldığı C qrupunda 3-cü pillədə qərarlaşması xorvatiyalı mütəxəssisin özü üçün də gözlənilməz olub. Nəticədə Prosineçki bu durumdan öz lehinə istifadə etməyə qərar verib. O, 2017-ci ilin sonlarında başa çatacaq müqaviləsinin uzadılması istəyi ilə AFFA-nın qapısını döyüb. Lakin assosiasiya rəhbərliyi qüvvədə olan 3 illik müqaviləni indidən yeniləməyi lazım bilməyib.
3. Yeni müqavilə tələbi geri çevrilən və maaşının ödənilməsində ciddi gecikmələr olan Prosineçki ötən ay Türkiyənin "Bursaspor” klubundan aldığı təklifə müsbət yanaşıb. Bu səbəbdən, AFFA rəhbərliyinə həm klubda, həm də yığmada çalışmaq niyyətini çatdırıb. Lakin "yox” cavabı almaqla yanaşı, müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilməsinə də nail ola bilməyib.
Amma axı Azərbaycanda dövlət başçısından sıravi vətəndaşadək Prosineçkiyə daim müsbət münasibət göstərib. Hətta Xorvatiya prezidenti Bakıya gələrkən, təşkil olunan ziyafətə baş məşqçinin özü də dəvət alıb, onun barədə müsbət fikirlər səsləndirilib. Bəlkə indi o, xoş münasibətin maddi təzahürünü gözləyir?