Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində keçirilən "Zirə" - "Neftçi" oyununda qonaq komandanın azarkeşləri klubun Müşahidə Şurasını və baş məşqçi Elxan Abdullayevi istefaya səsləyiblər.
Sportnet.az saytının məlumatına görə, "Sektor 13" azarkeş qrupunun üzvlər "Şura, istefa", "Elxan, istefa" şüarları səsləndiriblər.
Fanatlar etirazlarını fasilələrlə davam etdiriblər. Lakin məsələyə polis müdaxilə edib və sözügedən azarkeşlər tribunadan uzaqlaşdırılıb.
Asayiş keşikçiləri onların söyüş söydüklərini əsas gətirərək belə bir addım atıblar.
Bundan sonra "Forza Neftçi" azarkeş qrupunun üzvləri "Elxan, istefa" şüarlarını davam etdiriblər.
Maraqldır ki, bir qədər sonra "Sektor 13" üzvlərindən biri ilə "Forza Neftçi" cəbhəsi arasında mübahisə düşüb və polis olayın böyüməməsi üçün müdaxilə edib.
Bundan sonra isə "Forza Neftçi" qrupu da tribunanı tərk edib.