"Səbail"in kapitanı Eltun Yaqublu səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XI tur matçından sonra brifinq keçirib. 26 yaşlı müdafiəçi Sportnet.az-ın da suallarını cavablandırıb...
- "Qəbələ"nin 3 aşkar qol imkanı oldu, hamısından da fərqləndi. Bundan başqa ciddi imkanlar yarada bilmədilər. Mən belə deyərdim: Öz səhvlərimizdən qollar buraxdıq. Bir epizodda oyunçumuz rəqib futbolçunu boş buraxdı. Belə hallar istər-istəməz nəticəyə təsir edir. "Qəbələ" təcrübəli və səviyyəli futbolçulardan ibarətdir. Belə epizodları bağışlamırlar.
- Qol vura bilməməyiniz nədən irəli gəlirdi: Ustalıq səviyyəsinin aşağı olmasından, yoxsa təcrübəsizlikdən?
- Baş məşqçimiz Samir Əliyev bizə məşqlərdə də qapalı futbol oynatmır. Əksinə, baxımlı futbol oynamağa çalışırıq. Deyir ki, arxada oturub bir qol vurmaqdansa, hücum edərək, oyunu apara bilərsiniz. Daha əvvəl "Qarabağ"la oyunda da epizodlarımız oldu. Yeganə çatışmazlıq sonluqlardadır. Topu rəqib qapısından keçirə bilmirik. Bu da təcrübəsizliklə əlaqədardır.
- "Qəbələ"nin qələbəsini ədalətli nəticə hesab etmək olarmı?
- Məncə, olar. Çünki hesab 3:1 olubsa, başa şey danışmağa ehtiyac yoxdur.
- Buraxdığı qoladək "Səbail" daha istəkli və rəngarəng görünürdü. İlk qoldan sonra doğrudanmı psixoloji sarsıntı yaşadınız?
- Ola bilər ki, kənardan elə görünsün. "Zirə" ilə oyunda da erkən qollar buraxdıq. Lakin baş məşqçimizin tapşırığı belədir ki, "sınmayaq", sonadək oynayaq, maksimum dərəcədə müqavimət göstərək. Futboldur da... Azərbaycan Premyer Liqasındakı bütün komandalarla oynamaq olar. Komandada gənc oyunçular çoxdur, yüksək səviyyəli legionerlər yoxdur. Lakin bu, o demək deyil ki, qoldan sonra dayanacaq, oynamayacağıq. Kənardan elə görünə bilər. Bəlkə də belədir. Lakin meydanda mən bunu hiss etmirəm. "Sınmaq" söhbəti yoxdur.
Təbriz QULİYEV