Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda səfərdə "Səbail”i 4:2 hesabıyla məğlub edən "Qəbələ"nin futbolçusu Cavid Hüseynov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Oyunla bağlı nə deyə bilərsən?
- İlk oyunda rəqibi 1:0 hesabı ilə məğlub etdik. Səfərdə çətin olacağını bilirdik. Öz işimizi çətinə salmaq istəmirdik. Rəqib qol vurandan sonra ümumi hesab bərabərləşdi. Həmin an bir az narahat olduq. Amma sonra toparlandıq və növbəti mərhələyə vəsiqə qazandıq.
- "Qəbələ” "Səbail” qarşısında çətinliklə rastlaşmadı...
- İlk oyunda da belə fikirlər söyləyirdilər. Komandada sistemdə bir az dəyişiklik oldu. Baş məşqçinin qurduğu sistem imkan verir ki, biz meydanda rahat hərəkət edək.
- İlk oyunda 1:0 hesabı ilə qələbə qazandınız. Ancaq bu matçda 4 qol vurub, 2 top buraxdınız. Bunun səbəbi nədir?
- Hesab haqda düşünməmişdim. Sərgilədiyimiz oyuna görə, nəticəni ədalətli hesab eləmək olar.
- Baş məşqçiniz yerli oyunçulardan narazı görsənir. Hiss olunur ki, yerli futbolçuların səhvlərinə aqressiv reaksiya verir...
- Bizimlə söhbətində bu barədə heç nə deməyib. O, hər zaman tələbkardır. Futbolçunun məşhur olması da onun üçün önəmli deyil. Futbolçulardan daha çox iş görülməsini istəyir. Qeyri-adi heç nə görmürük.
- Növbəti mərhələdə "Neftçi” ilə qarşılaşacaqsınız. Final şansınızı necə dəyərləndirirsən?
- İndi istirahətə yollanırıq. Komanda təlim-məşq toplanışında olacaq. Futbolçuların həmin toplanışdan necə gələcəyi bəlli deyil. Hazırda biz də formadayıq, "Neftçi” də özünə inamı geri qaytarıb. Psixoloji cəhətdən onlarda hər şey qaydasındadır. "Qəbələ”də də hər şey istənilən səviyyədədir. "Neftçi" ilə oyun bir həftə sonra keçirilsəydi, qırğın olardı. Milli komandadan qayıdandan sonra bunu bilmək olmaz. 2 aya yaxın vaxt var.
- "Qarabağ” – "Qəbələ” finalının olmasını istəyirsiniz?
- İstəməklə deyil. "Neftçi”ni keçək, sonra fikirləşərik.
- Sənin fikrincə, "Qəbələ”nin güclənməyə ehtiyacı var? Varsa, hansı mövqelərdə?
- Məncə, var. Futbolçu kimi bunları demək istəmirəm. Baş məşqçimiz hər şeyi yaxşı görür.
- Səncə, Azərbaycanda 2017-ci ilin ən yaxşı əcnəbi futbolçusu kim olmalıdır?
- Bizim komandada çıxış edən Filip Ozobiçi deyərdim.
- Jurnalistlərin səsverməsində Rəşad Sadıqov ilin futbolçusu seçilib. Bu seçimlə razısanmı?
- Rəşad bizim kapitanımızdır. Futbolçu kimi ən yaxşılardan biridir.
- Milli komanda Gürcüstanla qarşılaşacaq. Sən rəqib seçimini necə dəyərləndirirsən?
- Düşünürəm ki, yaxşı seçimdir. Çünki Gürcüsta millisi də bizə layiqli komandadır. Gücünə bələdik. Onların oyunlarını da izləyirik. Həmin matçda Qurban Qurbanov hər bir fubolçununun vəziyyətini qiymətləndirə bilər.