Türkiyə Superliqasının 16-cı turunda "Trabzonspor" doğma meydanda "Bursaspor"la qarşılaşıb. Sportnet.az-ın məlumatına görə, matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Bursaspor"da çıxış edən Azərbaycan millisinin üzvü Deniz Yılmaz bu matçda iştirak etməyib. Hücumçu oyunun iştirak ərizəsində yer almayıb.
Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Qara dəniz təmsilçisi ikinci hissəyə qolla başlayıb. 51-ci dəqiqədə Yusuf Yazıcı komandasına qələbə qazandıran qola imza atıb. Komanda bu nəticədən sonra 4-cü pilləyə yüksəlib.
"Trabzonspor" klubu 6 ildən sonra ilk dəfə 5 matç ardıcıl qələbə qazanıb. Komanda Rza Çalımbayı rəhbərliyi altında 12-ci turda doğma meydanda "Osmanlıspor"u 4:3, 13-cü turda "Sivasspor"u 2:1, 14-cü turda evdə "Antalyaspor"u 3:0, 15-ci turda İstanbulda "Kasımpaşa"nı 3:0 məğlub edərək 4 oyun qələbə qazanan komanda "Bursaspor"la qarşılaşmada da 3 xal qazanaraq 232 həftə sonra ardıcıl 5-ci matçdan da qələbə ilə ayrılıb.
2010-2011 mövsümündə ardıcıl 6 qələbə
"Trabzonspor" son olaraq 2010-2011 mövsümündə ardıcıl 5 oyun qələbə qazanıb. Qara dəniz təmsilçisi həmin mövsümün 24-cü turunda "Beşiktaş"ı 2:1, "Kasımpaşa"nı 1:0, "Gənçlərbirliyi"ni 2:1, "Konyaspor", "Qalatasaray" və "Bursaspor"u 1:0 hesabı ilə məğlub edərək ard-arda 6-cı qarşılaşmada meydanı 3 xalla tərk edib.
Təbriz QULİYEV